Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşlarının Türkiyənin Orta Doğu Texniki Universitetinə (ODTÜ) təlim səfəri başa çatıb.
Təlim proqramı çərçivəsində ADNSU əməkdaşları ODTÜ Neft Araşdırma Mərkəzində ISO/IEC 17025, ISO/IEC 17043 və ISO 13528 standartları üzrə təlimlərdə iştirak ediblər. Proqramın davamında müxtəlif ixtisas istiqamətləri üzrə cihaz və laboratoriya təlimləri keçirilib.
Səfər çərçivəsində əməkdaşlar ODTÜ-nün Külək və Günəş Enerjisi Araşdırma və Tətbiq Mərkəzi, KATAMER Qaynaq Texnologiyası və Dağıdıcı Olmayan Test Tədqiqat və Tətbiq Mərkəzi, eləcə də Biomateriallar və Toxuma Mühəndisliyi üzrə Mükəmməllik Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Bununla yanaşı, ODTÜ-nün professor-müəllim heyəti ilə keçirilən görüşlərdə müxtəlif tədqiqat istiqamətləri və elmi əməkdaşlıq imkanları müzakirə olunub. Təlim proqramını uğurla başa vuran ADNSU əməkdaşlarına sertifikatlar təqdim edilib.
Səfərin yekununda ADNSU nümayəndə heyəti ODTÜ-nün prorektoru Prof. Dr. Ender Ciğeroğlu ilə görüşüb. Görüşdə iki universitet arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqatların təşviqi və yeni əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfirliyində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovla da görüş keçirilib. Görüşdə ADNSU ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.