×

Xəbərlər

Xəbərlər 14 Sep 2026
ADNSU-nun “SABAH.city” Mərkəzində Süni İntellekt İnstitutu və 4 laboratoriya fəaliyyət göstərəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında yaradılan “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.

Açılışda elm və təhsil naziri Emin Əmrullayev və SABAH.city innovasiya şəhərciyinin baş icraçı direktoru Nihat Məcidov da iştirak edib. Bildirilib ki, “SABAH.city” layihəsi ümumilikdə 20 hektar ərazini əhatə edəcək. Layihənin birinci mərhələsi 5 hektardan çox ərazini və 20 min kvadratmetr tikili sahəsini əhatə edir. Tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş dörd korpusdan ibarət kompleks inşa olunub.

Şəhərcikdə beş restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu, basketbol və futbol meydançaları, iki padel kortu yaradılıb. Eyni zamanda, açıq havada istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri təşkil edilib.

“SABAH.city”də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), Bakı Dövlət Universitetinin və Azərbaycan Texniki Universitetinin mühəndislik, informasiya texnologiyaları və tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədris və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlaması ilə gündəlik ziyarətçi sayının təxminən 3 min nəfərə çatacağı gözlənilir.

“SABAH.city” layihəsi çərçivəsində yaradılan ADNSU Mərkəzində müasir tədris və elmi-tədqiqat infrastrukturu formalaşdırılıb. Mərkəzdə Süni İntellekt İnstitutu, Biotexnologiya, Ekoloji Monitorinq, Prototip Dizayn, Kemoinformatika və Hesablama Kimyası laboratoriyaları, həmçinin müasir tədris auditoriyaları fəaliyyət göstərəcək.

Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri sənaye ilə birbaşa əməkdaşlığın qurulması və real istehsalat problemlərinin həllində elmi yanaşmaların tətbiqidir. Laboratoriyaların imkanlarından neft-qaz, neft-kimya, energetika, ekologiya, biotexnologiya, aqrar və digər sahələrdə fəaliyyət göstərən müəssisələrin ehtiyaclarına uyğun analizlərin aparılması, tətbiqyönümlü tədqiqatların həyata keçirilməsi, yeni texnoloji həllərin hazırlanması və prototipləşdirilməsi məqsədilə istifadə olunacaq.

Bununla yanaşı, laboratoriyalar fundamental və tətbiqi elmi tədqiqatların aparılması üçün müasir tədqiqat bazası rolunu oynayacaq. Burada ADNSU-nun tədqiqat qruplarının fəaliyyəti, multidissiplinar layihələrin həyata keçirilməsi, doktorant, magistr və bakalavr tələbələrinin elmi-tədqiqat prosesinə fəal cəlb olunması planlaşdırılır.

ADNSU Mərkəzinin fəaliyyəti universitet–elm–sənaye əməkdaşlığının gücləndirilməsinə, tətbiqyönümlü tədqiqatların genişləndirilməsinə, innovativ həllərin yaradılmasına və müasir tələblərə cavab verən yüksəkixtisaslı kadrların hazırlanmasına xidmət edəcək.

Qeyd edək ki, “SABAH.city”də ADNSU, BDU və AzTU tərəfindən ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası yaradılıb.

Layihənin birinci mərhələsinə üç ali təhsil müəssisəsi ilə yanaşı, səkkiz texnologiya və innovasiya yönümlü şirkət və 12 startap olmaqla, ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.

“SABAH.city” layihəsinin əsas məqsədi innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirərək onların qarşılıqlı fəaliyyətini gücləndirən mühit formalaşdırmaqdır. Layihə bilik və texnologiyanın iqtisadi və sosial dəyərə çevrilməsini dəstəkləməklə uzunmüddətli perspektivdə insan kapitalının, tətbiqi elmin və texnologiya transferinin inkişafına, eləcə də Azərbaycanın innovasiya ekosisteminin rəqabət qabiliyyətinin daha da gücləndirilməsinə töhfə verəcək.


Paylaş