×

Xəbərlər

Xəbərlər 15 Sep 2026
ADNSU əməkdaşının elmi məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Nanomateriallar və nanotexnologiyalar” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Elnur Oruclunun elmi məqaləsi beynəlxalq nüfuzlu “Journal of Materials Science” jurnalında dərc olunub.

“Liquidus surface projection and isopleth sections of the MnTe–SnTe–Bi₂Te₃ pseudoternary phase diagram” adlı məqalədə maqnit topoloji izolyatorların axtarışı və məqsədyönlü sintezi baxımından perspektivli olan MnTe–SnTe–Bi₂Te₃ kvaziüçlü sistemində faza tarazlıqları tədqiq edilib.

Tədqiqat zamanı diferensial termiki analiz, rentgenfaza analizi və skanedici elektron mikroskopiya üsullarından istifadə olunub. Sistem üzrə likvidus səthinin proyeksiyası və bərk faza tarazlıqları diaqramı qurulub, həmçinin həcmli faza diaqramının bir sıra politermik kəsikləri öyrənilib.

Əldə olunan nəticələr Mn–Sn–Bi–Te əsaslı laylı funksional materialların məqsədyönlü sintezi və kristallaşdırılması üçün elmi əsas yaradır.

“Springer Nature” tərəfindən nəşr olunan Journal of Materials Science materialşünaslıq sahəsində beynəlxalq səviyyədə tanınan elmi jurnallardan biridir və Q1 kateqoriyasında indekslənir.

 


Paylaş