Sentyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2026/2027-ci tədris ilində Elmi Şuranın ilk iclası keçirilib.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizovun sədrliyi ilə keçirilən iclasda gündəlikdə duran məsələlər müzakirə olunub və gündəlik şura üzvlərinə təqdim edilərək təsdiq edilib.
İclasda ilk olaraq 2026/2027-ci yeni tədris ilində kollektiv qarşısında duran vəzifələr barədə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov məruzə edib.
Daha sonra Elmi Şuranın 2026/2027-ci tədris ili üçün illik iş planı və Şuranın tərkibinin təsdiq edilməsi üçün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (EATDA) göndərilməsi məsələləri barədə Elmi katib İnqlab Əliyev məlumat verib.
İclasda müxtəlif məsələlər də müzakirə olunub. Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Nigar Adilova əcnəbi tələbələr üçün xüsusi təqaüdün təsis edilməsi və onlara “Mülki müdafiə” fənninin əlavə ödəniş tələb olunmadan tədris olunması məsələlərini təqdim edib.
Ümumi işlər üzrə prorektor Elnur İsmayılov ADNSU-nun Arxiv şöbəsinin Əsasnaməsinin təsdiqi barədə məlumat verib.
Maliyyə və Təsərrüfat məsələləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən, Maliyyə və təminat departamentinin direktoru, baş mühasib Seymur Nəcəfov isə saat hesabı əməkhaqqının (ödənişin) məbləğinin artırılması, həmçinin fakültə dekanlarının, kafedra müdirlərinin və dekan müavinlərinin əməkhaqları barədə məruzə edib.
Sosial məsələlər üzrə rektorun müşaviri Nəsibə Əmirbəyova isə ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin və Məzunlarla iş və Karyera Mərkəzinin əsasnamələrinin təsdiqi məsələləri ilə bağlı məruzə edib.
Müzakirəyə çıxarılan məsələlər Elmi Şura üzvləri tərəfindən nəzərdən keçirilib və müvafiq qərarlar qəbul edilib.