×

Xəbərlər

Xəbərlər 16 Sep 2026
ADNSU Azərbaycan–Özbəkistan beynəlxalq elmi müsabiqəsinin qalibləri sırasında yer alıb

Azərbaycan–Özbəkistan birgə beynəlxalq elmi müsabiqəsinin nəticələri açıqlanıb. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyinin birgə keçirdiyi müsabiqədə təqdim olunan 139 elmi layihədən yalnız 5-i qalib seçilib.

Qalib layihələrdən biri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) alimlərinin iştirakı ilə hazırlanıb. ADNSU və Özbəkistanın Qarşı Dövlət Texniki Universitetinin alimlərinin birgə təqdim etdiyi “Avtonom istilik təchizatı sistemləri üçün funksional kompozit materiallar əsasında polimer günəş kollektorunun parametrlərinin işlənməsi və elmi əsaslandırılması” layihəsi müsabiqənin qalibləri sırasında yer alıb.

Layihəyə ADNSU-nun “Materialşünaslıq” tədqiqat qrupunun əməkdaşı, dosent, texnika üzrə fəlsəfə doktoru Fikrət Yusubov rəhbərlik edir. Tədqiqat heyətində ADNSU-nun “Mexanika mühəndisliyi” kafedrasının əməkdaşları Tahir Cabbarov, Nurlan Qurbanov və Yusif Tanrıverdiyev də təmsil olunur.

Layihənin əsas məqsədi yüksək enerji səmərəliliyi, mexaniki dayanıqlıq və uzunmüddətli istismar etibarlılığına malik yeni nəsil polimer günəş kollektorunun hazırlanmasıdır. Tədqiqat çərçivəsində funksional kompozit materialların hazırlanması, kollektorun konstruksiyasının optimallaşdırılması, riyazi modelləşdirmə və eksperimental sınaqların aparılması, eləcə də işlək prototipin yaradılması nəzərdə tutulur.

2027–2029-cu illərdə həyata keçirilməsi planlaşdırılan layihə çərçivəsində beynəlxalq elmi bazalarda indekslənən jurnallarda məqalələrin dərc olunması, yeni texnoloji həllərin və əqli mülkiyyət obyektlərinin yaradılması gözlənilir.

Qeyd edək ki, müsabiqəyə təqdim olunan layihələr elmi və texniki ekspertizadan keçirilib, yekun qiymətləndirmə hər iki ölkənin ekspertlərinin rəyləri əsasında aparılıb. Nəticədə 139 layihədən 5-i qalib elan olunub.

ADNSU layihə rəhbəri Fikrət Yusubovu və tədqiqat heyətini, həmçinin tərəfdaş universitetin alimlərini əldə olunan elmi nəticə münasibətilə təbrik edir.


Paylaş