×

Xəbərlər

Xəbərlər 21 Sep 2026
ADNSU əməkdaşının elmi məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Yer elmləri və neft mühəndisliyi” fakültəsinin dekanı, professor Elman İskəndərov, SABAH Mərkəzinin Neft-qaz və Kimya mühəndisliyi üzrə proqram rəhbəri, texnika üzrə fəlsəfə doktoru Elnur Əlizadə və doktorantMəhərrəm Hərbizadənin həmmüəllifi olduqları elmi məqaləQ1 kvartilinə daxil olan “Energies” jurnalında çap olunub.

Məqalədə qaz-kondensat yataqlarının işlənməsinin son mərhələsində hasilatın və lay təzyiqinin azalması şəraitində dəniz platformalarında yerləşən kompressor stansiyalarının səmərəli istismarı tədqiq edilib. Tədqiqat çərçivəsində mövcud kompressor avadanlıqlarının dəyişən hasilat və təzyiq şəraitinə uyğunlaşdırılması imkanları araşdırılıb, müxtəlif tipli kompressorların aşağı məhsuldarlıq rejimlərində iş xüsusiyyətləri müqayisəli şəkildə qiymətləndirilib. Aparılan hesablamalar əsasında porşenli kompressorların silindrlərinin yenidən konfiqurasiyasına və eyni tipli modulların mərhələli şəkildə sistemə qoşulmasına əsaslanan resurs-səmərəli model işlənib hazırlanıb. Təklif olunan model kompressorun əsas konstruksiyası və tipi dəyişdirilmədən, mövcud avadanlığın müxtəlif iş rejimlərinə uyğunlaşdırılmasına imkan verir. Bu yanaşma hasilat azaldıqca kompressor stansiyasının çevik və dayanıqlı fəaliyyətini təmin etməyə, avadanlığın aşağı məhsuldarlıq şəraitində işləmə imkanlarını genişləndirməyə və mövcud infrastrukturdan daha səmərəli istifadə etməyə yönəlib.

Qeyd edək ki, tədqiqat hasilatı azalmaqda olan qaz-kondensat yataqlarında kompressor infrastrukturunun istismar müddətinin uzadılması və texnoloji proseslərin davamlılığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr kompressor avadanlıqlarının tamamilə dəyişdirilməsinə olan ehtiyacın azaldılması, qazın yığılması və nəqli proseslərinin sabitliyinin təmin edilməsi, istismar imkanlarının genişləndirilməsi və yataqların son işlənmə mərhələsində resurslardan daha səmərəli istifadə baxımından mühüm elmi-praktik əhəmiyyətə malikdir.

 


Paylaş