Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi” çərçivəsində elmi-texniki və tədqiqat istiqamətli tədbirlər davam edib.
Tədbirlər proqramının ilk günündə həmçinin ali təhsildə dayanıqlılığın, innovasiyanın, elmi əməkdaşlığın və məsuliyyətli yanaşmaların təşviqinə həsr olunan “ECO-SYNERGY 2026” Beynəlxalq elmi konfransı keçirilib.
ECO-SYNERGY 2026-da 8 ölkədən — Azərbaycan, Türkiyə, Pakistan, Malayziya, İndoneziya, Qırğızıstan, Gürcüstan və Filippindən olan tədqiqatçılar və akademik qurumların nümayəndələri iştirak ediblər.
Konfransa ümumilikdə 60 elmi iş təqdim olunub. Elmi qiymətləndirmənin nəticələrinə əsasən, onlardan 12-si konfransda məruzə ilə çıxış etmək üçün seçilib. Seçilmiş elmi işlərdən 7-si artıq “Scopus” bazasında indekslənən Q1–Q2 kvartilli elmi jurnallarda dərc üçün müsbət rəy alıb.
Konfrans çərçivəsində ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli, dayanıqlı inkişaf, innovativ texnologiyalar və multidissiplinar tədqiqatlar üzrə elmi məruzələr təqdim olunub, fikir və təcrübə mübadiləsi aparılıb.
ECO-SYNERGY 2026 yeni elmi əlaqələrin qurulması, beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi və gələcək birgə tədqiqat təşəbbüslərinin formalaşdırılması baxımından mühüm platforma olub.
Konfrans “UI GreenMetric” təşəbbüsünün əsas istiqamətlərindən biri olan dayanıqlı inkişaf prinsiplərinin ali təhsil müəssisələrində tətbiqi məsələlərinin elmi müstəvidə müzakirəsi baxımından əhəmiyyət daşıyıb. Tədbirdə universitetlərin ekoloji dayanıqlılığın təmin edilməsində rolu, innovativ yanaşmaların tətbiqi, resurslardan səmərəli istifadə, elmi-tədqiqat fəaliyyətinin dayanıqlı inkişaf məqsədləri ilə əlaqələndirilməsi və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi kimi məsələlər diqqət mərkəzində olub.
“ECO-SYNERGY 2026” konfransının əsas məqsədi elm, təhsil və innovasiya imkanlarının dayanıqlı inkişaf prinsipləri ətrafında əlaqələndirilməsi, bu istiqamətdə təcrübə və elmi yanaşmaların paylaşılması, eləcə də ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının müzakirə edilməsidir.
Konfrans çərçivəsində dayanıqlı universitet modelinin formalaşdırılması, ekoloji məsuliyyətin artırılması və innovativ həllərin ali təhsil mühitinə inteqrasiyası ilə bağlı məsələlərin elmi və praktiki aspektləri müzakirə olunub.