×

Xəbərlər

Xəbərlər 23 Sep 2026
ADNSU-nun ev sahibliyi ilə keçirilən “UI GreenMetric”in ilk günündə 5 ekspert paneli keçirilib

Qeyd etdiyimiz kimi, sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi”nə start verilib.

ADNSU-nun ev sahibliyi ilə keçirilən üç günlük proqram çərçivəsində UI GreenMetric 2026 reytinqinin nəticələrinin rəsmi elanı və mükafatlandırma mərasimi ilə yanaşı, konfrans, ekspert panelləri və vorkşopların keçirilməsi nəzərdə tutulub.

Tədbirin ilk günü çərçivəsində dayanıqlı inkişaf, ekoloji məsuliyyət, ali təhsildə yaşıl transformasiya və universitetlərin bu istiqamətdə idarəetmə mexanizmlərinə həsr olunan 5 ekspert paneli keçirilib.

İlk panel “Qlobal reytinqlər universitet idarəçiliyini və hesabatlılığını necə dəyişdirir” mövzusuna həsr olunub. Sessiyada qlobal universitet reytinqlərinin ali təhsil müəssisələrinin idarəetmə yanaşmalarına, institusional inkişafına və hesabatlılıq mexanizmlərinə təsiri müzakirə edilib. Universitetlərin beynəlxalq qiymətləndirmə meyarlarına uyğunlaşması və fəaliyyət göstəricilərinin daha şəffaf şəkildə təqdim olunması məsələlərinə diqqət yetirilib.

“Ali təhsilin yaşıllaşdırılması: Dayanıqlı universitetlər üçün strategiyalar, çağırışlar və imkanlar” adlı paneldə ali təhsil müəssisələrində ekoloji dayanıqlılığın təmin edilməsi yolları nəzərdən keçirilib. Sessiyada yaşıl universitet modelinin formalaşdırılması, dayanıqlı inkişaf strategiyalarının hazırlanması, mövcud çağırışlar və bu istiqamətdə yeni imkanlar ətrafında fikir mübadiləsi aparılıb.

Növbəti panel “Kampuslar öyrətdikdə: Dayanıqlılıq haqqında maarifləndirən fiziki məkanların layihələndirilməsi” mövzusunu əhatə edib. Burada universitet kampuslarının yalnız tədris məkanı deyil, həm də tələbə və əməkdaşlarda ekoloji düşüncənin formalaşmasına töhfə verən mühit kimi layihələndirilməsi məsələləri müzakirə olunub. Enerji səmərəliliyi, resurslardan düzgün istifadə və dayanıqlı kampus infrastrukturu əsas mövzular sırasında yer alıb.

“İqlim məsuliyyətinə və dövri transformasiyaya institusional sadiqlik” adlı paneldə universitetlərin iqlim dəyişiklikləri ilə mübarizədə rolu və institusional məsuliyyəti diqqət mərkəzində olub. Sessiyada resursların səmərəli istifadəsi, tullantıların azaldılması və dövri iqtisadiyyat prinsiplərinin ali təhsil müəssisələrinin fəaliyyətinə inteqrasiyası ilə bağlı yanaşmalar nəzərdən keçirilib.

Günün sonuncu paneli isə “Dayanıqlı təsirin gücləndirilməsi: su resurslarının məsuliyyətli idarə olunması, yaşıl mobillik və dayanıqlılıq üzrə təhsil” mövzusuna həsr olunub. Sessiyada su resurslarının səmərəli idarə olunması, ekoloji cəhətdən daha dayanıqlı nəqliyyat həllərinin təşviqi və dayanıqlılıq prinsiplərinin təhsil prosesinə inteqrasiyası məsələləri müzakirə edilib.

Qeyd edək ki, “UI GreenMetric” Dünya Universitetlərinin Yaşıl Ölçülməsi təşəbbüsü ali təhsil müəssisələrinin dayanıqlılıq və ekoloji yanaşmalar üzrə fəaliyyətinin qiymətləndirilməsi, eləcə də bu sahədə qabaqcıl təcrübələrin təşviqi məqsədi daşıyır.


Paylaş