×

Xəbərlər

Xəbərlər 24 Sep 2026
“UI GreenMetric”in ikinci günü də panel müzakirələr, vorkşoplar və elmi diskusiyalarla keçirilib

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə start götürən “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi”nin ikinci günü Bakı Marriott Hoteldə davam edib.

Tədbirin ikinci günü vorkşoplar, elmi diskusiyalar və panel müzakirələrlə yadda qalıb. Vorkşoplarla yanaşı, beş panel keçirilib. “2050-ci ilin universiteti: Davamlılığın gələcəyi” panelində gələcək universitet modelinin dayanıqlılıq prinsipləri ətrafında müzakirələr aparılıb. “Rəqəmsal davamlılıq: Universitetlərdə İT, süni intellekt və məlumat mərkəzlərinin ətraf mühitə təsirinin azaldılması” mövzusunda rəqəmsal infrastrukturun ekoloji izinin minimuma endirilməsi yolları araşdırılıb. “Davamlılıq neytral deyil: Sosial ədalətin, inklüzivliyin və etikanın kampusun transformasiyasına inteqrasiyası” panelində isə sosial ədalət və etik dəyərlərin kampus həyatına daxil edilməsi məsələləri müzakirə olunub.

“Kampusdan sənayeyə: Davamlı gələcək üçün əməkdaşlıq” panelində universitet-sənaye əməkdaşlığının dayanıqlı inkişafdakı rolu vurğulanıb. “Regionlardan davamlılığa: Ən yüksək reytinqli universitetlərin ən yaxşı təcrübələri” mövzusunda isə dünyanın aparıcı universitetlərinin uğurlu təcrübələri paylaşılıb.

ADNSU-nun ev sahibliyi və təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbirin məqsədi ali təhsil müəssisələrinin ətraf mühitin mühafizəsi, enerji səmərəliliyi, iqlim fəaliyyəti və dayanıqlı inkişaf sahəsində əldə etdiyi nailiyyətləri qeyd etmək, 2026-cı il üzrə qlobal reytinq nəticələrini elan etmək və təcrübə mübadiləsi aparmaqdır.


Paylaş