×

Xəbərlər

Xəbərlər 25 Sep 2026
ADNSU-nun təşkilatçılığı ilə keçirilən “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi” başa çatıb

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin ev sahibliyi və təşkilatçılığı, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə start götürən “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi” başa çatıb. Üç gün davam edən beynəlxalq tədbirin əsas məqsədi ali təhsil müəssisələrinin dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, enerji səmərəliliyi və iqlim fəaliyyəti sahəsində təcrübə mübadiləsi aparmaq olub.

Tədbirdə müxtəlif ölkələrdən universitet rəhbərləri, beynəlxalq ekspertlər, siyasətçilər və tədqiqatçılar, eləcə də Azərbaycanın ali təhsil müəssisələrinin rəhbərləri və elm adamları iştirak ediblər. Açılış mərasimində ADNSU-nun rektoru, dosent Rüfət Əzizov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və digər qonaqlar çıxış ediblər.

Tədbirin ilk iki günündə dayanıqlı inkişaf, ali təhsilin yaşıllaşdırılması, ekoloji məsuliyyət, iqlim fəaliyyəti, rəqəmsal davamlılıq, sosial ədalət, yaşıl mobillik və universitet-sənaye əməkdaşlığı kimi mövzularda ekspert panelləri, vorkşoplar və elmi diskussiyalar keçirilib. Müzakirələrdə yaşıl kampusların formalaşdırılması, dayanıqlı inkişafın təhsil və tədqiqatlara inteqrasiyası, eləcə də beynəlxalq təcrübələrin paylaşılması məsələləri diqqət mərkəzində olub.

Sentyabrın 24-də keçirilən mükafatlandırma mərasimində “UI GreenMetric World University Rankings” üzrə 2026-cı ilin nəticələri açıqlanıb. Nəticələrə əsasən, ADNSU dayanıqlılıq inkişaf göstəricisinə görə Azərbaycan üzrə reytinqə daxil olan 22 universitet arasında birinci sırada yer alıb. Universitet 110 ölkədən 2016 ali təhsil müəssisəsinin iştirak etdiyi qlobal reytinqdə 366-cı nəticəni göstərib və regionun ən fəal universiteti elan olunub.

Tədbirin sonuncu günündə – sentyabrın 25-də iştirakçılar və qonaqlar üçün mədəniyyət və kampus turları təşkil olunub. Proqram çərçivəsində SABAH City-yə kampus turu, həmçinin Heydər Əliyev Mərkəzinə tur təşkil olunub.

 Bununla da üç gün ərzində elmi müzakirələri, təcrübə mübadiləsini və mədəni proqramları bir araya gətirən “UI GreenMetric” tədbiri başa çatıb. Beynəlxalq tədbir ali təhsil müəssisələrinin dayanıqlı inkişaf istiqamətində əməkdaşlığının genişləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və daha yaşıl kampusların formalaşdırılması baxımından mühüm platforma kimi yadda qalıb.

 


Paylaş