Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “CyberBridge” Texnologiya və İnnovasiya Təşəbbüsü və ADNSU-nun Startup və TTO şöbəsinin birgə təşkilatçılığı ilə “CyberConnect: Kibertəhlükəsizlikdə Yerli İnnovasiyaların Təşviqi” mövzusunda forum keçirilib.
Forumun açılışında “CyberBridge” təşəbbüsünün rəhbəri Ruslan Xəlilzadə tədbirin məqsədlərindən, kibertəhlükəsizliyin elmi tədqiqat, innovasiya və sənaye əməkdaşlığında rolundan danışıb.
Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Milli Kibertəhlükəsizlik Agentliyinin Maarifləndirmə və Tədqiqat sektorunun böyük məsləhətçisi Fariz Ələsgərovun moderatorluğu ilə panel müzakirəsi keçirilib.
Müzakirədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) Təhsil, Təlim və İnsan Resursları Komitəsinin katibi Bəhruz Əliyev, ADNSU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Elviz İsmayılov və AKTA-nın kibertəhlükəsizlik eksperti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun elmi işçisi Lamiyə Nəcəfova iştirak ediblər.
Müzakirələr zamanı kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı, institusional və qanunvericilik mühiti, gənc mütəxəssislərin innovativ məhsullar vasitəsilə ekosistemə inteqrasiyası, eləcə də elm, təhsil və praktika arasında əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. ADNSU-nun prorektoru, dosent Elviz İsmayılov universitetdə gənc tədqiqatçıların ideyalarının reallaşdırılmasına yönəlmiş mövcud dəstək mexanizmləri barədə məlumat verib.
Forum çərçivəsində gənc tərtibatçı və tədqiqatçıların kibertəhlükəsizlik və innovasiya sahəsində hazırladıqları layihələr də təqdim olunub. Kənan Paşazadə ESP32-S3 mikrokontrolleri əsasında hazırladığı portativ və modul kibertəhlükəsizlik cihazı – “CYBERSHIELD S3” layihəsini təqdim edib. Murad Qaramollayev isə kibertəhdidlərin monitorinqi və risklərin qiymətləndirilməsinə yönəlmiş “GeoShield” proqnozlaşdırıcı kibertəhlükəsizlik platformasını nümayiş etdirib.
Müdafiə Texnologiyaları və Kibertəhlükəsizlik İnstitutunun icraçı direktorunun müavini, texnika elmləri doktoru Hikmət Kərimov “Kərimov-Ələkbərli modeli: Süni intellektin etik sabitliyinin riyazi-termodinamik əsasları” mövzusunda təqdimatla çıxış edib.
Forum sual-cavab sessiyası və açıq müzakirələrlə davam edib.