×

Xəbərlər

Xəbərlər 01 Oct 2026
ADNSU nümayəndə heyəti Gənclərin III Şəbəkələşmə Forumunda iştirak edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti və startapçı tələbələri “Gənclər Dayanıqlı İnkişaf Məqsədləri naminə” Gənclərin III Şəbəkələşmə Forumunda iştirak edib.

Forumda ADNSU-nu Startap və Texnologiya Transferi Şöbəsinin müdiri Əhməd Əhmədzadə, Məzunlarla iş və karyera mərkəzinin direktoru Şamil Əhmədov və şöbənin aparıcı mütəxəssisi Qədim Qədimov təmsil edib. Tədbirdə universitetin startapçı tələbələri – “HydroSense AI” komandasının üzvləri Rəvan İsmayılov, İlahə Mərdiyeva və Çiçək Əsgərova, həmçinin Amil Ağakərimov və Nihat Zəkiyev də iştirak ediblər.

150 nəfərin qatıldığı forumda əsas diqqət şəhərlərin dayanıqlı inkişafında sosial və ekoloji amillərin qarşılıqlı əlaqəsinə, eləcə də bu sahədə gənclərin təşəbbüslərinin dəstəklənməsinə yönəlib.

Tədbir çərçivəsində ADNSU tələbələri texnoloji və ekoloji yönümlü layihələrini təqdim ediblər. Tələbələrin “HydroSense AI” layihəsi forum iştirakçılarının diqqətini çəkən təşəbbüslərdən biri olub. Layihə şəhər və kənd təsərrüfatı ərazilərində su daşqınları və infrastruktur zərərlərinin qarşısının alınması üçün süni intellekt əsaslı monitorinq və proqnozlaşdırma sistemi təqdim edir.

Sistem drenaj lüklərinin altında yerləşdirilən sensorlar vasitəsilə suyun səviyyəsini real vaxt rejimində izləyir. Toplanan məlumatlar əvvəlki iqlim göstəriciləri və hava proqnozları ilə birlikdə süni intellekt modeli tərəfindən analiz edilərək potensial risklər əvvəlcədən müəyyənləşdirilir. Bu yanaşma texniki briqadaların riskli ərazilərə vaxtında yönləndirilməsinə və resurslardan daha səmərəli istifadəyə imkan verir. Layihənin ilkin mərhələdə fermerlər və kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün təqdim edilməsi planlaşdırılır.

Forum çərçivəsində “Dayanıqlı Şəhərlər üçün Yeni Baxış və Yerli Həllər” və “Gələcəyin Dayanıqlı Şəhərləri: Yaşıl Transformasiya, İnklüziv İcmalar və Birgə Şəhər İnkişafı” mövzularında panel müzakirələri keçirilib. Müzakirələr zamanı iştirakçılar dayanıqlı şəhər inkişafı, yaşıl transformasiya və innovativ yerli həllərlə bağlı fikir mübadiləsi aparıblar.

Forum ADNSU nümayəndələri və tələbələri üçün yeni əməkdaşlıqların qurulması və innovativ layihələrin inkişafı baxımından şəbəkələşmə imkanları yaradıb.


Paylaş