×

Xəbərlər

Xəbərlər 01 Oct 2026
ADNSU-nun daha 12 tələbəsi akademik mübadilə çərçivəsində beş ölkənin tərəfdaş universitetlərində təhsilə başlayıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri beynəlxalq akademik mübadilə proqramları çərçivəsində Cənubi Koreya, Avstriya, Macarıstan, Latviya və Türkiyənin tərəfdaş universitetlərində bir semestrlik təhsilə başlayıblar.

2026/2027-ci tədris ilinin payız semestrində “Kompüter mühəndisliyi” ixtisasının tələbələri Məhəmməd Əliyev və Selcan Aslanlı Cənubi Koreyanın Sejong Universitetində, “İnformasiya texnologiyaları” ixtisasının tələbəsi Esma Səidzadə isə Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetində təhsil alırlar.

“Kompüter elmləri” ixtisasının tələbəsi Şəfəq Qurbanzadə və “Kompüter mühəndisliyi” ixtisasının tələbəsi Aygül Quliyeva Macarıstanın Con fon Neyman Universitetində, “Kompüter elmləri” ixtisasının tələbəsi Rəsul Aslanov isə Latviyanın Həyat Elmləri və Texnologiyaları Universitetində təhsillərini davam etdirirlər.

“İnformasiya təhlükəsizliyi” ixtisasının tələbələri Sara Dadaşova və Aysel Əliyeva, eləcə də “Kompüter mühəndisliyi” ixtisasının tələbəsi İnci Qənbərli Türkiyənin İstanbul Texniki Universitetində akademik mübadilə proqramında iştirak edirlər.

Ümumilikdə, cari tədris ilinin payız semestrində 12 ADNSU tələbəsi akademik mübadilə proqramlarına qoşulub. Son doqquz ay ərzində isə universitetin 146 tələbəsi beynəlxalq akademik mobillik imkanlarından yararlanaraq xarici ali təhsil müəssisələrində təhsil və akademik təcrübə əldə edib.

Akademik mübadilə proqramları tələbələrə beynəlxalq təhsil mühitində bilik və bacarıqlarını inkişaf etdirmək, fərqli mədəniyyətlərlə tanış olmaq və peşəkar əlaqələr qurmaq imkanı verir. ADNSU beynəlmiləlləşmə strategiyası çərçivəsində tələbə mobilliyini və beynəlxalq akademik imkanlara çıxışı genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir.


Paylaş