×

Xəbərlər

Xəbərlər 01 Oct 2026
ADNSU “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində təmsil olunub

Sentyabrın 30-da Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və paralel olaraq “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin rəsmi açılış mərasimi keçirilib.

Qafqaz regionunun mühüm hərbi-texnoloji platformalarından biri olan “ADEX” sərgisi müdafiə sənayesinin aparıcı şirkət və qurumlarını bir araya gətirib. Sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilib.

“Caspian Event Organisers” şirkətinin təşkilatçılığı ilə keçirilən builki sərgilərdə Azərbaycanla birlikdə, 53 ölkə təmsil olunub. Ümumilikdə 30 ölkədən 280 şirkət və təşkilat sərgilərdə iştirak edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də ölkəmizin qabaqcıl ali təhsil müəssisəsi olaraq sərgidə öz stendi ilə təmsil olunub. Universitetin stendində tələbələrin hazırladığı startap və innovativ layihələr nümayiş etdirilib. Təqdim olunan layihələr sərgi iştirakçıları və ziyarətçilərin marağına səbəb olub.

Sərginin ilk günündə həmçinin “Bilikdən texnoloji üstünlüyə: elm-universitet-sənaye əməkdaşlığının gələcəyi” mövzusunda akademik sessiya keçirilib. Sessiyada ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxış edib.

Qeyd edək ki, “ADEX” və “Securex Caspian” sərgilərinin paralel keçirilməsi müdafiə sənayesi ilə daxili təhlükəsizlik istiqamətlərini vahid platformada birləşdirib. Tədbirlər çərçivəsində müdafiə sənayesi texnologiyaları və hərbi texnika ilə yanaşı, daxili təhlükəsizlik, mühafizə, xilasetmə avadanlıqları və kibertəhlükəsizlik həlləri də nümayiş etdirilib.

Sərgilərin proqramında müdafiə sənayesi, daxili təhlükəsizlik, təhsil və kadr hazırlığı, innovasiyalar və yüksək texnologiyalar üzrə müxtəlif işgüzar tədbirlər də yer alıb.

“Securex Caspian” sərgisində hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün nəzərdə tutulan avadanlıq və texnologiyalar nümayiş etdirilib. Sərgidə ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış avadanlıqları, girişə nəzarət və idarəetmə sistemləri, hüquq-mühafizə orqanları üçün xüsusi avtomobillər, informasiya təhlükəsizliyi həlləri, mühafizə xidmətləri, qəza-xilasetmə vasitə və avadanlıqları, videomüşahidə sistemləri, xüsusi geyim və avadanlıqlar, həmçinin yanğın təhlükəsizliyi sistemləri təqdim olunub.

Sərgidə, həmçinin təhlükəsizlik sahəsində təhsil və müxtəlif texnoloji həllər nümayiş etdirilib.


Paylaş