×

Xəbərlər

Xəbərlər 02 Oct 2026
ADNSU əməkdaşlarının elmi məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşlarının geopolimer əsaslı materialların tədqiqinə həsr olunmuş elmi məqaləsi beynəlxalq elmi nəşrdə dərc olunub.

ADNSU-nun “Neft-kimya mühəndisliyi” kafedrasının professoru Yunis Qəhrəmanlı və həmin kafedranın müəllimi, doktorantı Kristina Qoryunovanın həmmüəllifi olduğu “Geopolimer əsaslı materiallarda məsaməli və köpüklü strukturun formalaşdırılması üsulları: hərtərəfli icmal” adlı məqalə “Royal Society of Chemistry”nin (RSC) elmi jurnalında dərc olunub.

Məqalənin dərc edildiyi jurnal Scopus beynəlxalq elmi məlumat bazasında indekslənir. Jurnalın CiteScore göstəricisi 8,7, CiteScore Percentile göstəricisi isə 83 faiz təşkil edir.

Elmi məqalədə geopolimer əsaslı materiallarda məsaməli və köpüklü strukturların formalaşdırılması istiqamətində tətbiq olunan müasir üsullar geniş şəkildə nəzərdən keçirilib. Tədqiqat çərçivəsində birbaşa köpükləndirmə, reaktiv emulsiya üsulu, mikrodalğalı köpükləndirmə, yüngül doldurucuların tətbiqi, 3D çap və digər strukturformalaşdırma metodları araşdırılıb.

Məqalədə xüsusilə geopolimerləşmə prosesinin kimyəvi və kinetik xüsusiyyətlərinin məsamələrin formalaşmasına təsiri təhlil edilir. Müəlliflər müxtəlif istehsal üsullarının materialın strukturuna, məsaməliliyinə və nəticə etibarilə onun potensial tətbiq imkanlarına təsirini müqayisəli şəkildə qiymətləndiriblər.

Tədqiqatın əsas məqsədlərindən biri geopolimer materiallarda tələb olunan məsamə quruluşunun əldə edilməsi üçün müxtəlif texnologiyaların imkanlarını müəyyənləşdirmək və onların üstünlükləri ilə məhdudiyyətlərini sistemləşdirməkdir. Bu baxımdan məqalədə fərqli strukturformalaşdırma üsullarının tətbiq xüsusiyyətləri müqayisə edilir və materialın nəzərdə tutulan istifadə sahəsindən asılı olaraq uyğun istehsal yanaşmasının seçilməsinə imkan verən müqayisəli çərçivə təqdim olunur.

Məqalənin elmi yeniliyi tələb olunan məsamə quruluşu və materialın tətbiq sahəsi nəzərə alınmaqla ən münasib istehsal üsulunun seçilməsi üçün müqayisəli yanaşmanın təqdim edilməsidir. 

Məqalənin beynəlxalq elmi jurnalda dərc olunması ADNSU əməkdaşlarının geopolimer materiallar və müasir materialşünaslıq istiqamətində apardıqları elmi tədqiqatların beynəlxalq elmi mühitdə təqdim olunması baxımından əhəmiyyətli nəticədir.


Paylaş