Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) doktorantları Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələrində 4 həftəlik beynəlxalq tədqiqat təcrübələrini uğurla başa vurublar.
Belə ki, “Neft-qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə doktorantlar Azər Əhmədov, Bayram Qasımov və İlkin İsmayılov Qazaxıstanın Yessenov Universitetində, həmçinin “Kompozit materialların kimyası və texnologiyası” ixtisası üzrə doktorant Aynur Məmmədova isə Əl-Fərabi adına Qazax Milli Universitetində elmi-tədqiqat təcrübəsi keçiblər.
Beynəlxalq tədqiqat təcrübəsi çərçivəsində doktorantlar ixtisasları üzrə elmi araşdırmalar aparmaq, qabaqcıl tədqiqat yanaşmaları ilə tanış olmaq və beynəlxalq akademik mühitdə peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
Doktorantlar tədqiqat fəaliyyəti ilə yanaşı, universitetlərin tədris prosesində də fəal iştirak edərək müəllim kimi öz bilik və təcrübələrini tələbələrlə bölüşüblər.