×

Xəbərlər

Xəbərlər 05 Oct 2026
ADNSU əməkdaşları IEC-nin beynəlxalq standartlaşdırma seminarında iştirak ediblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşları beynəlxalq standartlaşdırma və müasir texnoloji tendensiyalarla bağlı keçirilən seminarda iştirak ediblər.

ADNSU-nun Rəqəmsal Energetika Mərkəzinin rəhbəri, enerji meneceri Elman Əlixanov Həsən oğlu və Elektroenergetika və Enerji İstehsalı Texnologiyaları kafedrasının baş müəllimi Tural Əliyev Elmurad oğlu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Beynəlxalq Elektrotexniki Komissiya (International Electrotechnical Commission – IEC) tərəfindən keçirilən maarifləndirmə seminarında iştirak ediblər.

Seminar IEC Akademiyası və Potensialın Gücləndirilməsi üzrə rəhbər Ian Gardner tərəfindən keçirilib. Tədbirdə dövlət qurumları və özəl sektoru təmsil edən 150-yə yaxın nümayəndə iştirak edib.

Seminarın əsas məqsədi iştirakçıları beynəlxalq standartlaşdırma prosesləri və müvafiq prosedurlar, IEC-nin fəaliyyəti, eləcə də elektrotexnika, enerji və informasiya-kommunikasiya texnologiyaları sahələrində müasir tendensiyalar və inkişaf istiqamətləri barədə məlumatlandırmaq olub.

Tədbir çərçivəsində IEC-nin beynəlxalq standartlaşdırma sistemində rolu, Standartlaşdırma İdarəetmə Şurasının (SMB) fəaliyyəti, uyğunluğun qiymətləndirilməsi sistemləri, texniki komitələrin fəaliyyəti və beynəlxalq standartların hazırlanması prosesləri ilə bağlı təqdimatlar keçirilib. İştirakçılara müxtəlif sahələrdə geniş tətbiq olunan IEC standartları və onların tətbiq imkanları barədə də ətraflı məlumat verilib.

Bununla yanaşı, beynəlxalq standartlaşdırma fəaliyyətində iştirak imkanları, texniki komitələrdə təmsil olunma yolları və milli ekspertlərin bu proseslərdə rolu barədə fikir mübadiləsi aparılıb.

İnteraktiv formatda keçirilən seminarda sənaye, elektroenergetika, bərpa olunan enerji, informasiya-kommunikasiya texnologiyaları və digər strateji sahələrdə beynəlxalq standartların tətbiqi ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.


Paylaş