Oktyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib. YAP Nəsimi rayon təşkilatının “Azadlıq prospekti 20” ünvanı üzrə ərazi partiya təşkilatında keçirilən tədbirdə partiyanın fəaliyyətinin əsas istiqamətləri və qarşıda duran vəzifələr müzakirə olunub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən müharibəsində canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müşavirəni açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Azərbaycan Respublikasının Prezidenti, YAP Sədri İlham Əliyevin VIII Qurultaydakı çıxışının əsas məqamlarını diqqətə çatdırıb. O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən qurultayın əhəmiyyətindən, milli maraqların qorunması və ideoloji təhlükəsizliyin təmin olunması ilə bağlı qarşıya qoyulan vəzifələrdən danışıb. Azər Süleymanov dövlət başçısının ideoloji işin müasir yanaşmalar əsasında qurulması və Azərbaycan həqiqətlərinin cəmiyyətə çatdırılması barədə çağırışlarını vurğulayaraq bu istiqamətdə ərazi partiya təşkilatlarının və partiya üzvlərinin fəal iştirakının vacibliyini qeyd edib.
ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışında təhsilin gənclərin dünyagörüşünün və vətəndaşlıq mövqeyinin formalaşmasındakı rolundan bəhs edib. Rektor Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi “Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq” fikrinə istinad edərək təhsilin ideoloji təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıdığını bildirib. Rüfət Əzizov gənclərin ideoloji baxımdan düzgün istiqamətlənməsində, milli dəyərlərə bağlı və məsuliyyətli vətəndaş kimi yetişməsində universitetlərin rolunu vurğulayıb.
YAP İdarə Heyətinin üzvü, ADNSU-nun strateji məsələlər üzrə prorektoru Vazeh Əskərov və ərazi partiya təşkilatının sədri, universitetin tədris məsələləri üzrə prorektoru Rza Məmmədov çıxışlarında partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolundan və qurultaydan irəli gələn vəzifələrdən danışıblar. Universitetdə fəaliyyət göstərən ərazi partiya təşkilatının gördüyü işlər, gənclərin ictimai fəallığının artırılması və yeni təşəbbüslərin dəstəklənməsi məsələləri diqqətə çatdırılıb.
ADNSU-nun tələbəsi, Heydər Əliyev Məktəbinin direktoru Adəm İlyaszadə gənclərin ictimai-siyasi proseslərdə iştirakının onların vətəndaşlıq mövqeyinin formalaşmasında əhəmiyyətini qeyd edib. O, tələbələrin dövlətçilik ənənələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində fəal iştirak etməyə hazır olduqlarını bildirib.
Müşavirədə iştirakçıların fikir və təklifləri dinlənilib, ərazi partiya təşkilatının gələcək fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.
Tədbir çərçivəsində universitetin 10 tələbəsinə və bir əməkdaşına YAP üzvlük vəsiqələri təqdim olunub, xatirə şəkli çəkilib. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.