Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) üç tələbə komandası “Startup School 4: Beş qitə – 500 startap” qlobal innovasiya proqramının Demo Day mərhələsinə yüksəlib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 4” proqramı innovativ ideyaların inkişafına dəstək göstərməyi, startapların beynəlxalq innovasiya ekosisteminə inteqrasiyasını sürətləndirməyi və gənc sahibkarların biznes bacarıqlarını gücləndirməyi hədəfləyir. “Beş qitə – 500 startap” şüarı ilə həyata keçirilən proqram müxtəlif ölkələrdən olan startaplar arasında təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının genişləndirilməsinə şərait yaradır.
Proqramın Demo Day mərhələsində ADNSU-nu aşağıdakı üç tələbə komandası təmsil edəcək:
AldeRing komandası – Zəhra Məmmədli, Rəqəmsal texnologiyalar fakültəsinin tələbəsi;
Bax komandası – Yusif Bəşirov, İqtisadiyyat və menecment fakültəsinin tələbəsi;
Blind AI komandası – Səid Cəfərzadə, Rəqəmsal texnologiyalar fakültəsinin tələbəsi.
Komandaların təqdim etdiyi layihələr texnologiya, innovasiya və müxtəlif sahələrdə mövcud problemlərə yaradıcı həllərin hazırlanması istiqamətində tələbələrin təşəbbüslərini əks etdirir. Demo Day mərhələsinə yüksəlmək komandalar üçün öz ideyalarını daha geniş auditoriyaya təqdim etmək, layihələrinin potensialını nümayiş etdirmək və gələcək inkişaf imkanlarını dəyərləndirmək baxımından mühüm fürsətdir.
Demo Day tədbirinin 31 dekabr 2026-cı il tarixində Sabah.City-də keçirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində startap komandaları öz layihələrini təqdim etmək, innovativ həllərini nümayiş etdirmək və startap ekosisteminin digər iştirakçıları ilə əlaqələr qurmaq imkanı əldə edəcəklər.
ADNSU tələbələrinin üç komanda ilə bu mərhələdə təmsil olunması universitetdə innovasiya və sahibkarlıq mühitinin inkişafına, tələbələrin yaradıcı potensialının üzə çıxarılmasına və onların real biznes ekosistemində təcrübə qazanmasına verilən önəmin göstəricisidir.