×

Xəbərlər

Xəbərlər 13 Oct 2026
ADNSU-nun Elmi Şurasında yeni tədris ilinə hazırlığın və tədris prosesinin dövlət standartlarına uyğun təşkilinin vəziyyəti müzakirə olunub

Oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının növbəti iclası keçirilib. Rektor, dosent Rüfət Əzizovun sədrliyi ilə keçirilən Elmi Şuranın iclası bu dəfə universitetin “SABAH City” Yüksək Texnologiyalar Parkında yerləşən Akt zalında keçirilib. Qeyd edək ki, ADNSU-nun  “SABAH City”də müasir laboratoriyaları, komuter otaqları da fəaliyyət göstərir. 

Gündəlik şura üzvlərinə təqdim olunduqdan sonra təsdiq edilib. İclasda yeni tədris ilinə hazırlıq, tədris prosesinin dövlət standartlarına uyğun təşkili, Elmi-Metodiki Şuranın və fakültə metodiki qruplarının fəaliyyət istiqamətləri, eləcə də tələbə qəbulunun yekunları müzakirə olunub. Gündəlikdəki bu məsələlərlə bağlı universitetin tədris məsələləri üzrə prorektoru, dosent Rza Məmmədov məruzələrlə çıxış edib. Müzakirələr zamanı tədrisin təşkili və keyfiyyətinin təmin olunması, metodiki fəaliyyətin səmərəliliyi və qəbul prosesinin nəticələri diqqət mərkəzində olub.

İclasın davamında universitetin elmi fəaliyyətinin inkişafı və innovasiya istiqamətləri ilə bağlı məsələyə baxılıb. Elm və innovasiya məsələləri üzrə prorektor, dosent Elviz İsmayılov “ADNSU – Sənayedə və İqtisadiyyatda İntellektual idarəetmə və qərar qəbuletmə sistemləri” ETL barədə məlumat verib.

Gündəlikdə beynəlxalq əməkdaşlıq və tələbələrin akademik mübadilə imkanları ilə bağlı məsələ də yer alıb. ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nigar Adilova 2026/2027-ci tədris ilinin payız semestrində akademik mübadilə proqramlarında iştirak edən tələbələrin maliyyə xərclərinin təsdiq edilməsi barədə məlumatı təqdim edib.

İclasda, həmçinin 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədris ilində fəaliyyəti ilə fərqlənmiş professor-müəllim heyəti üzvlərinin mükafatlandırılması məsələsi bağlı rektorun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova çıxış edib. Daha sonra Xarici Dillər Mərkəzinin əsasnaməsinin təsdiq edilməsi məsələsinə baxılıb və mərkəzin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aynur Məmmədova müvafiq məlumat verib.

Gündəlik çərçivəsində ADNSU-nun Akkreditasiya və keyfiyyət təminatı şöbəsinin müdiri Gülnar Cəfərova da çıxış edərək Akkreditasiya Komissiyasının tövsiyələrinə dair 2026/2027-ci tədris ili üzrə Fəaliyyət planının təsdiqi barədə məlumat verib. Bu məsələ universitetdə keyfiyyət təminatı istiqamətində görüləcək işlərin və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından iclasın əsas müzakirə mövzularından biri olub.

İclasda gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib. Sonda rektor Rüfət Əzizov müzakirə olunan məsələlərlə bağlı təklif və iradlarını bildirərək aidiyyəti struktur bölmələrə qəbul edilmiş qərarların icrası və qarşıda duran vəzifələrlə bağlı müvafiq tapşırıqlar verib.


Paylaş