×

Xəbərlər

Xəbərlər 14 Oct 2026
ADNSU tələbələri üçün karyera imkanları və əmək bazarının tələbləri mövzusunda seminar keçirilib

Oktyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılğı ilə tələbələrin mühəndislik sahəsində peşəkar inkişafı, karyera imkanları və əmək bazarının tələbləri barədə məlumatlandırılması məqsədilə seminar keçirilib.

Seminarın qonağı ADNSU məzunu və hazırda beynəlxalq enerji xidmətləri şirkəti “Halliburton”da Quyuların tamamlanması üzrə servis lideri və sahə mütəxəssisi kimi çalışan Pərviz Həsənov olub. Görüş zamanı tələbələr mühəndislik sahəsində karyera qurmağın xüsusiyyətləri, peşəkar mühitə uyğunlaşma və beynəlxalq şirkətlərdə çalışma imkanları haqqında ətraflı məlumat əldə ediblər.

Seminar çərçivəsində təhsil həyatından iş dünyasına keçid, şirkətlərdə işə qəbul və müsahibə prosesləri, peşəkar fəaliyyətin ilk mərhələləri, mühəndis karyerasının xüsusiyyətləri və qarşıya çıxan çətinliklər müzakirə olunub. Həmçinin mütəxəssis səviyyəsinə yüksəlmək üçün zəruri olan bilik və bacarıqlar, davamlı inkişafın əhəmiyyəti və xarici ölkələrdə karyera imkanları barədə fikirlər bölüşülüb.

Görüşün əsas müzakirə istiqamətlərindən biri də “Xəyalımdakı gələcək” mövzusu olub. Bu çərçivədə tələbələrin gələcək hədəfləri, karyera perspektivləri və qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün atmalı olduqları addımlar diqqətə çatdırılıb.

Pərviz Həsənov öz peşəkar təcrübəsini tələbələrlə bölüşərək mühəndislik sahəsində uğur qazanmaq üçün nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların, məsuliyyətin, davamlı öyrənmənin və peşəkar inkişafa açıq olmağın vacibliyini vurğulayıb.

İnteraktiv müzakirə formatında təşkil olunan seminar tələbələrin əmək bazarının real tələblərini daha yaxından tanımalarına, karyera planlarını formalaşdırmalarına və gələcək peşə fəaliyyətləri ilə bağlı suallarına cavab tapmalarına imkan yaradıb. 


Paylaş