×

Xəbərlər

Xəbərlər 14 Oct 2026
ADNSU-nun kommunikasiya strategiyasına əsaslanan layihəsi beynəlxalq “MarCom Awards 2026” müsabiqəsində qızıl mükafat qazanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) hazırlanan və həyata keçirilən strateji ictimaiyyətlə əlaqələr layihəsi ABŞ-də təşkil olunan beynəlxalq “MarCom Awards 2026” müsabiqəsində Qızıl mükafata adına layiq görülüb.

ADNSU-nun İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin rəhbəri Xülya Sabirlinin müəllifi və strateji rəhbəri olduğu layihə universitetin kommunikasiya fəaliyyətinə inteqrasiya olunmuş yanaşmanı əks etdirir. “Müasir PR modeli: çoxdilli hekayələndirmə ekosisteminin və brendin formalaşdırılması”adlı layihə müsabiqənin Strateji kommunikasiyalar istiqaməti üzrə “İctimaiyyətlə əlaqələr proqramı” nominasiyasında mükafatlandırılıb.

Qeyd edək ki, “MarCom Awards” ABŞ-də fəaliyyət göstərən Marketinq və Kommunikasiya Peşəkarları Assosiasiyası (AMCP) tərəfindən 2004-cü ildən keçirilir. Marketinq, reklam, ictimaiyyətlə əlaqələr və kreativ kommunikasiya sahəsində beynəlxalq peşəkar nailiyyətlərin qiymətləndirildiyi müsabiqəyə 2025-ci ildə 43 ölkədən 6000-dən çox layihə təqdim olunub. Müsabiqə 300-dən artıq nominasiya üzrə təşkil edilir.

Mükafata layiq görülən layihə ADNSU-nun institusional kommunikasiyasının inkişafı, universitetin elmi və akademik nailiyyətlərinin daha geniş auditoriyalara çatdırılması, beynəlxalq görünürlüğünün artırılması və brend mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətləri əhatə edir.

Layihədə universitet həyatının müxtəlif istiqamətlərini əks etdirən yaradıcı media formatları, Azərbaycan və ingilis dillərində kommunikasiya, rəqəmsal məzmunun inkişafı və müasir brend jurnalistikası yanaşmaları əsas yer tutur.


Paylaş