×

Xəbərlər

Xəbərlər 14 Oct 2026
ADNSU tələbələri üçün təşkil olunan “Green Energy TKT CLIL” təlim proqramının ilk sessiyası keçirilib

Oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla iş və karyera mərkəzi ilə Boota.Az MMC-nin birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilən “Green Energy TKT CLIL” təlim proqramının ilk sessiyası keçirilib.

Bərpa olunan enerji sahəsində biliklərin inkişaf etdirilməsi, beynəlxalq texniki terminologiyanın mənimsənilməsi və xüsusi təyinatlı ingilis dili (ESP) bacarıqlarının təkmilləşdirilməsini hədəfləyən proqram müasir mühəndislik biliklərini dil təlimi ilə birləşdirir.

Bir ay davam edəcək intensiv və hibrid formatlı təlim proqramı beynəlxalq Cambridge TKT CLIL metodologiyasına əsaslanır. Proqram iştirakçıların yaşıl enerji sahəsində istifadə olunan ingilisdilli texniki terminologiyanı mənimsəməsinə, sahə üzrə biliklərini genişləndirməsinə və peşəkar ünsiyyət bacarıqlarını inkişaf etdirməsinə yönəlib.

Təlimin ilk sessiyasının açılışını Məzunlarla iş və karyera mərkəzinin müdiri Şamil Əhmədov edib. O, proqramın məqsədləri və əhəmiyyəti barədə məlumat verərək, təlimin bütün universitetlərin tələbələri üçün açıq və tamamilə ödənişsiz olduğunu vurğulayıb.

Eyni zamabda proqramın məqsədləri, məzmunu və tətbiq ediləcək metodologiya üzrə iştirakçılara məlumat verilib. Eyni zamanda, bərpa olunan enerji sahəsində ingilis dilinin əhəmiyyəti, texniki biliklərin beynəlxalq terminologiya ilə əlaqələndirilməsi və interaktiv öyrənmə yanaşmalarının rolu diqqət mərkəzində olub.

Proqramın təlimçisi Elnur Ağayev Vorvik Universiteti və ADNSU üzrə ikili magistr təhsilinə malikdir, Cambridge TKT/CLIL sertifikatları ilə yanaşı, informasiya sistemləri, xüsusi təhlükəsizlik, yoxlama və aşkarlama texnologiyaları sahələrində 20 illik peşəkar təcrübəyə sahibdir.

Təlimlər həftə içi günlər saat 19:00-da keçirəcək. Hibrid formatda təşkil olunan proqram iştirakçılara həm əyani, həm də onlayn qoşulmaq imkanı yaradır. İnteraktiv müzakirələrin və praktiki fəaliyyətlərin səmərəliliyini artırmaq məqsədilə əyani iştirak tövsiyə olunur.

“Green Energy TKT CLIL” proqramı tələbələrin, gənc mütəxəssislərin və yaşıl enerji sahəsinə maraq göstərən şəxslərin beynəlxalq əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının inkişafına töhfə verməyi hədəfləyir.


Paylaş