Oktyabrın 15-də “SABAH City” innovasiya şəhərciyində Ali Təhsil üzrə Dövlət Agentliyinin və akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun təşkilatçılığı ilə “Müasir dövrdə korroziya problemləri və həlli yolları” mövzusunda Beynəlxalq Elmi Konfransı öz işinə başlayıb.
Konfransda açılış nitqi ilə çıxış edən Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov korroziya problemlərinin neft-qaz sənayesi və digər sənaye sahələri üçün aktuallığını vurğulayıb. O, korroziyanın qarşısının alınmasının sənaye avadanlıqlarının etibarlı və uzunmüddətli istismarında mühüm əhəmiyyət daşıdığını qeyd edib. Akademik bu sahədə fundamental və tətbiqi tədqiqatların genişləndirilməsinin, yeni inhibitorların hazırlanmasının və səmərəli mühafizə texnologiyalarının işlənib hazırlanmasının vacibliyinə diqqət çəkib. Vaqif Abbasov, həmçinin, elmi müəssisələr və ali təhsil ocaqları arasında əməkdaşlığın korroziya problemlərinin həllinə töhfə verəcəyini bildirib və konfransa uğurlar arzu edib.
Konfransın açılışında həmçinin, AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev, AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov və Bakı Dövlət Universitetinin Üzvi kimya kafedrasının müdiri, akademik Abel Məhərrəmov çıxış ediblər. Çıxışlarda korroziya problemlərinin həllində fundamental və tətbiqi elmi tədqiqatların əhəmiyyəti, yeni kimyəvi inhibitorların hazırlanması və müasir mühafizə texnologiyalarının tətbiqi məsələləri vurğulanıb. Həmçinin, korroziyaya davamlı materialların yaradılması, elmi nəticələrin sənaye sahələrində tətbiqi və bu istiqamətdə elmi müəssisələrarası əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub. Həmçinin xaricdən gəlmiş professorlar konfrans barəsində fikirlərini bölüşərək konfransın fəaliyyətinə uğurlar arzu ediblər.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Rüfət Əzizov konfransda “Neft-qaz sənayesində korroziya proseslərinin idarə olunması: empirik tədqiqat nəticələrinin təqdimatı” mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda neft-qaz sənayesində korroziya proseslərinin xarakteri, onların idarə olunması və bu istiqamətdə aparılan empirik tədqiqatların nəticələri diqqət mərkəzində olub. Məruzədə elmi araşdırmaların nəticələrinin təhlili, korroziya risklərinin qiymətləndirilməsi və əldə olunan nəticələrin istehsalatda tətbiqi imkanlarının əhəmiyyəti önə çəkilib. Rüfət Əzizovun təqdimatı korroziya proseslərinin öyrənilməsi ilə praktiki həll yollarının əlaqələndirilməsi baxımından müzakirələrə töhfə verib.
İki gün davam edəcək konfrans çərçivəsində korroziya prosesləri, metal avadanlıqların mühafizəsi, korroziyaya davamlı materialların hazırlanması və müasir qoruyucu texnologiyaların tətbiqi ilə bağlı elmi müzakirələr aparılır. Yerli və xarici tədqiqatçıların iştirak etdiyi tədbir panel sessiyalarla davam edib.
Beynəlxalq Elmi Konfrans oktyabrın 16-da işini başa çatdıracaq.