×

Xəbərlər

Xəbərlər 16 Oct 2026
ADNSU ilə “ATS Food” şirkəti “iCET” layihəsinin icrası istiqamətində yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər

Oktyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “ATS Food” şirkəti ilə görüş keçirilib. Görüşdə iCET (Industry-Connected Engineering Trainings) layihəsinin başlanması və tərəflər arasında əməkdaşlığın digər istiqamətləri müzakirə olunub.

Görüşdə ADNSU-nun Məzunlarla iş və Karyera Mərkəzinin müdiri Şamil Əhmədov, Kimya-texnologiya fakültəsinin dekan müavini İradə Xələfova, Qida mühəndisliyi və Biotexnologiya kafedrasının müdiri Nərgiz Sultanova və fakültənin professor-müəllim heyəti iştirak edib. “ATS Food” şirkəti tərəfdən isə İnsan resursları departament direktoru Rafiq Süleymanov və Təlim inkişaf və işə qəbul şöbəsinin müdiri Pərviz Mansurov iştirak ediblər.

Görüşün əsas məqsədi tələbələrin nəzəri biliklərinin praktiki vərdişlərlə tamamlanmasına və onların istehsalat prosesinə daha yaxından cəlb olunmasına imkan yaratmaq olub. Bu çərçivədə “ATS Food” şirkətinin zavodlarında dərslərin bir hissəsinin keçirilməsi, tələbələrin istehsalat mühitində təcrübə qazanması və müasir texnoloji prosesləri yaxından öyrənməsi müzakirə edilib.

Bundan əlavə, “Qida mühəndisliyi” ixtisası üzrə sillabusların birgə hazırlanması və bu məqsədlə işçi qrupunun yaradılması, şirkətin təcrübəli mütəxəssisləri tərəfindən universitetdə təlim və master-klassların təşkili, infosessiyaların keçirilməsi, eləcə də ADNSU-nun müxtəlif layihələrinə müvafiq dəstəyin göstərilməsi məsələləri də gündəmdə olub.

Şirkət nümayəndələri ötən il universitetlə birgə həyata keçirilmiş layihənin uğurlu nəticələrini xüsusi qeyd edərək, bu təcrübənin davamı olaraq yeni layihələrdə də fəal iştirak etməkdə maraqlı olduqlarını bildiriblər.

Görüşün yekununda ADNSU ilə “ATS Food” şirkəti arasında birgə əməkdaşlığın davam etdirilməsi və yeni layihələrin həyata keçirilməsi ilə bağlı razılıq ifadə olunub.


Paylaş