×

Xəbərlər

Xəbərlər 17 Oct 2026
ADNSU Qazaxıstanda keçirilən Beynəlxalq Təhsil Sərgisində iştirak edən yeganə Azərbaycan universitetidir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Qazaxıstanın paytaxtı Astanada keçirilən Beynəlxalq Təhsil Sərgisində (IEF 2026) ilk dəfə iştirak edir. ADNSU builki sərgidə iştirak edən yeganə Azərbaycan universiteti olaraq təhsil proqramlarını və beynəlxalq təhsil imkanlarını təqdim edir.
Sərgidə 20-dən artıq ölkədən ümumilikdə 86 universitet, eləcə də müxtəlif təşkilatlar iştirak edir. Təşkilatçıların məlumatına görə, builki sərgilərdə iştirak üçün 15 mindən çox şəxs qeydiyyatdan keçib və onların tədbirlərə qatılması gözlənilir.
Oktyabrın 17-də Astana şəhərində keçirilən sərgidə ADNSU-nun stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Qazaxıstan vətəndaşları, eləcə də bu ölkədə yaşayan müxtəlif millətlərdən olan gənclər universitetdə təhsil almaq imkanları ilə yaxından tanış olublar.
Ziyarətçilər bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil proqramları, tələbə mübadiləsi imkanları və əcnəbi tələbələrin qəbulu ilə bağlı çoxsaylı suallar ünvanlayıblar. Universitet nümayəndələri qəbul şərtləri, müraciət qaydaları, tədris dili və ixtisas seçimi barədə ətraflı məlumat veriblər. Həmçinin ADNSU-nun beynəlxalq əməkdaşlıqları, akademik mühiti və Bakıda tələbə həyatı haqqında məlumatlar təqdim olunub.
Sərgidə universiteti Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil edirlər.
2017-ci ildən ildə iki dəfə təşkil olunan Beynəlxalq Təhsil Sərgisi xaricdə təhsil almaq istəyən gəncləri universitet nümayəndələri ilə bir araya gətirir. Tədbir iştirakçılara müxtəlif ölkələrin ali təhsil müəssisələrini tanımaq, təhsil proqramlarını müqayisə etmək və qəbul prosesi ilə bağlı suallarına birbaşa cavab almaq imkanı yaradır. Sərgi həmçinin universitetlər, təhsil agentlikləri və digər təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin qurulması üçün platforma rolunu oynayır.
Qeyd edək ki, dörd ölkənin beş şəhərini əhatə edən sərgi turunun ilk tədbiri Astanada keçirilib. Növbəti sərgilər oktyabrın 18-də Qazaxıstanın Almatı şəhərində, oktyabrın 20-də Qırğızıstanın paytaxtı Bişkekdə, oktyabrın 22-də Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq. Tur oktyabrın 24-də Bakıda keçiriləcək sərgi ilə yekunlaşacaq.


Paylaş