×

Xəbərlər

Xəbərlər 19 Oct 2026
ADNSU Beynəlxalq Təhsil Sərgisi çərçivəsində iştirakını Almatıda davam etdirib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) oktyabrın 18-də Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq Təhsil Sərgisində (IEF 2026) iştirak edib. Sərgi turunun ikinci günündə universitetin təhsil proqramları və əcnəbi tələbələr üçün yaratdığı imkanlar ziyarətçilərə təqdim olunub.

ADNSU-nun stendində gələcək tələbələrlə birbaşa görüşlər keçirilib, onların təhsil və karyera hədəfləri barədə fikir mübadiləsi aparılıb. Ziyarətçilərə bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə proqramlar, ingilis dilində təhsil, qəbul şərtləri və müraciət qaydaları haqqında ətraflı məlumat verilib.

Görüşlərdə tələbə mübadiləsi proqramları, beynəlxalq əməkdaşlıq çərçivəsində təhsil imkanları və praktik təcrübə məsələləri də diqqət mərkəzində olub. Universitet nümayəndələri gənclərin maraq göstərdikləri istiqamətlər üzrə suallarını cavablandırıb, onları ADNSU-nun akademik mühiti və Bakıda tələbə həyatı ilə tanış ediblər.

Sərgidə universiteti Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər.

Qeyd edək ki, beynəlxalq sərgidə Azərbaycan universitetlərindən yalnız Azərbaycan Dövlət Neft və Sənaye Universiteti iştirak edir. Builki sərgidə 20-dən artıq ölkədən ümumilikdə 86 universitet, eləcə də müxtəlif təşkilatlar iştirak edir. Təşkilatçıların məlumatına görə, sərgi turu çərçivəsində keçirilən tədbirlərə qatılmaq üçün 15 mindən çox şəxs qeydiyyatdan keçib və onların iştirakı gözlənilir. Sərgiyə ilk dəfə qatılan ADNSU builki tədbirdə iştirak edən yeganə Azərbaycan universitetidir.

2017-ci ildən ildə iki dəfə təşkil olunan Beynəlxalq Təhsil Sərgisinin builki payız turu dörd ölkənin beş şəhərini əhatə edir. Oktyabrın 17-də Astanada başlayan tur Almatıdan sonra oktyabrın 20-də Bişkekdə, oktyabrın 22-də Daşkənddə davam edəcək və oktyabrın 24-də Bakıda yekunlaşacaq.


Paylaş