Oktyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) FD 2.03 Dissertasiya şurasında Qazaxıstan Respublikasının vətəndaşı, “Neft-qaz Elmi-Tədqiqat Layihə İnstitutu”nun doktorantı Seytxaziyev Esimxan Şerexanoviçin texnika elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi dissertasiya işinin yekun müdafiəsi keçirilib.
Namizədin “Neft və qazın geokimyəvi analizi əsasında yataq obyektləri arasında hidrodinamik əlaqələrin müəyyən edilməsi üsulunun işlənilməsi və tətbiqi” mövzusunda dissertasiya işi 2525.01 – “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə müdafiəyə təqdim olunub.
Yerli və xarici professor-müəllim heyətinin iştirakı ilə keçirilən müdafiə zamanı dissertasiya işi elmi baxımdan qiymətləndirilib və tədqiqatın nəticələri müzakirə olunub.
Qeyd edək ki, namizəd Seytxaziyev Esimxan Şerexanoviç 2019-cu ildən etibarən Azərbaycanda doktorantura təhsili alır. O, bakalavriat təhsilini Qazaxıstanın Satbayev Universitetində, magistratura təhsilini isə Böyük Britaniyanın Nyukasl Universitetində “Neft və qazın geokimyası” istiqaməti üzrə alıb.
Bu müdafiə ADNSU-nun beynəlxalq elmi əməkdaşlığının və doktorantura təhsili sahəsində beynəlxalq əlaqələrinin inkişafına töhfə verən nümunələrdən biridir.