Oktyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən “CareerPlus” klubunun və Məzunlarla iş və karyera mərkəzinin birgə təşkilatçılığı ilə “Effektiv ünsiyyət, özünəinam və bədən dili” mövzusunda təlim keçirilib.
Təlim biznes strategiyası, liderlik və bədən dili üzrə ekspert Anar Heydərov tərəfindən aparılıb.
Təlimdə iştirakçılara effektiv ünsiyyətin əsas prinsipləri, verbal və qeyri-verbal kommunikasiya texnikaları, özünəinamın formalaşdırılması və bədən dilindən düzgün istifadə üsulları barədə məlumat verilib.
İnteraktiv müzakirələrlə davam edən təlimdə iştirakçıların sualları cavablandırılıb, real həyat nümunələri əsasında praktiki tövsiyələr verilib.
Qeyd edək ki, təlimin məqsədi tələbələrin ünsiyyət bacarıqlarını inkişaf etdirmək, özünəinamlarını gücləndirmək və fikirlərini sosial və peşəkar mühitdə daha aydın, inamlı şəkildə ifadə etmələrinə dəstək olmaqdır.