Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) oktyabrın 20-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Beynəlxalq Təhsil Sərgisində (IEF 2026) təmsil olunub. Bişkek dörd ölkənin beş şəhərini əhatə edən sərgi turunun üçüncü dayanacağı olub.
ADNSU sərgidə Azərbaycanın nümayəndə heyətinin tərkibində iştirak edib. Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “Study in Azerbaijan” layihəsi də təmsil olunub, ziyarətçilərə Azərbaycanda ali təhsil imkanları haqqında məlumat verilib.
Universitetin stendində gələcək tələbələrə bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil proqramları, ingilis dilində təhsil imkanları, əcnəbi tələbələrin qəbulu və müraciət qaydaları təqdim olunub. Həmçinin tələbə mübadiləsi, elmi-tədqiqat imkanları, ADNSU-nun beynəlxalq əməkdaşlıqları və Bakıda tələbə həyatı barədə suallar cavablandırılıb.
Sərgi çərçivəsində potensial tələbələr və təhsil sahəsinin nümayəndələri ilə birbaşa ünsiyyət qurulub, gənclərin maraq göstərdikləri ixtisaslar və təhsil planları barədə fikir mübadiləsi aparılıb. Ziyarətçilərə proqram seçimindən müraciət mərhələlərinə qədər qəbul prosesi haqqında ətraflı izah verilib.
Tədbirdə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər.
Builki sərgi turunda 20-dən artıq ölkədən ümumilikdə 86 universitet, eləcə də müxtəlif təşkilatlar iştirak edir. Təşkilatçıların məlumatına görə, tur çərçivəsində keçirilən sərgilərə qatılmaq üçün 15 mindən çox şəxs qeydiyyatdan keçib.
Qeyd edək ki, 2017-ci ildən ildə iki dəfə təşkil olunan Beynəlxalq Təhsil Sərgisinin builki payız turu oktyabrın 17-də Astanada başlayıb, oktyabrın 18-də Almatıda, oktyabrın 20-də isə Bişkekdə davam edib. Turun növbəti tədbirləri oktyabrın 22-də Daşkənddə və oktyabrın 24-də Bakıda keçiriləcək.
ADNSU-nun sərgidə iştirakı universitetin beynəlxalq tanınırlığının artırılmasına, Qırğızıstandan potensial tələbələrlə əlaqələrin qurulmasına və Azərbaycanda təhsil imkanlarının regionda tanıdılmasına xidmət edib.