×

Xəbərlər

Xəbərlər 22 Oct 2026
ADNSU nümayəndələri Ala-Too Beynəlxalq Universitetinin rektoru və universitetin nümayəndələri ilə görüşüblər

Oktyabrın 20-də Qırğızıstanın Ala-Too Beynəlxalq Universitetində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndə heyəti universitetin rektoru Nazira Soltonbekovna Esenaliyeva ilə görüşüb. Səfər çərçivəsində universitetin müvafiq fakültə və struktur bölmələrinin nümayəndələri ilə də görüş keçirilib, akademik və elmi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Görüşlərdə ADNSU-nu Əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Səbinə Əliyeva, şöbənin baş mütəxəssisi İlhamə Osmanova və İctimaiyyətlə əlaqələr və Marketinq şöbəsinin müdiri Xülya Sabirli təmsil ediblər.

Ala-Too Beynəlxalq Universitetinin nümayəndələri ilə müzakirələrdə İqtisadiyyat və inzibati elmlər fakültəsinin dekanı Ulan Nurkasımov, Keyfiyyət təminatı ofisinin nümayəndəsi Kanatbek Şambetaliyev, Doktorantura və magistratura institutunun direktoru Gülnarə Arapova, Beynəlxalq əməkdaşlıq mərkəzinin direktoru Dinara Eqemberdiyeva, Asiya üzrə strateji tərəfdaşlıq koordinatoru Aygərim Maksımbekova və Türkiyə və Yaxın Şərq üzrə strateji tərəfdaşlıq koordinatoru Nurayım Talant qızı iştirak ediblər.

Müzakirələr zamanı tələbə və professor-müəllim heyətinin mübadiləsi, birgə elmi tədqiqatların aparılması, magistratura səviyyəsində ikili diplom proqramlarının hazırlanması və doktorantlara birgə elmi rəhbərliyin təşkili imkanları nəzərdən keçirilib. Magistrant və doktorantlar üçün elmi-tədqiqat təcrübələrinin təşkili də əməkdaşlığın potensial istiqamətləri sırasında yer alıb.

Tərəflər tələbə olimpiadalarının və elmi konfransların keçirilməsi, magistratura və doktorantura üzrə müvafiq strukturlar arasında əlaqələrin qurulması barədə fikir mübadiləsi aparıblar. Həmçinin təhsilin keyfiyyət təminatına cavabdeh bölmələr arasında təcrübə mübadiləsi imkanları müzakirə olunub.

Görüşlərin davamı olaraq Azərbaycan tərəfinin əməkdaşlıq haqqında memorandum layihəsini təqdim etməsi nəzərdə tutulur. Birgə fəaliyyət istiqamətlərinin daha ətraflı müzakirəsi üçün iqtisadiyyat və informasiya texnologiyaları sahələri üzrə fakültələrin məsul nümayəndələrinin iştirakı ilə onlayn görüşün təşkili planlaşdırılır.


Paylaş