×

Xəbərlər

Xəbərlər 23 Oct 2026
ADNSU-nun SABAH qruplarının tələbələri “Qarabağ Hakatonu 2026”da uğurla çıxış ediblər

Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Rebuild Karabakh” sərgisi çərçivəsində təşkil olunan “Qarabağ Hakatonu 2026” yarışmasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH qruplarının tələbələri uğurlu nəticələri və innovativ layihələri ilə diqqət çəkiblər.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və özəl sektor tərəfdaşlarının dəstəyi ilə baş tutan hakaton işğaldan azad edilmiş ərazilərin inkişafına yönələn innovativ həllərin hazırlanmasını təşviq edib. “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan yarışmada 14 ali təhsil müəssisəsindən 55 tələbə iştirak edib. 44 saat 44 dəqiqə 44 saniyə davam edən intensiv yarış zamanı komandalar Qarabağ iqtisadi rayonunda kənd təsərrüfatı təyinatlı torpaq və təsərrüfat sahələrinə investisiyaların cəlb edilməsini dəstəkləyən rəqəmsal platforma prototipləri hazırlayıblar.

ADNSU-nun SABAH qruplarının tələbələrinin: Cavidan Aşurlu, Murad Məmmədzadə və Həsən Dadaşzadənin təmsil olunduğu “Farad” komandası yarışmanın qalibləri sırasında yer alaraq 4444 manat pul mükafatı qazanıb. 

Hakatonda iştirak edən digər ADNSU SABAH komandası — “GreenByte” da təqdim etdiyi layihə ilə diqqət çəkib. Murad Qaramollayev, Xəyal Əliyev, Azər Vəliyev və Nərgiz Heydərlinin hazırladığı innovativ həll mükafatçılar sırasında yer almasa da, yüksək qiymətləndirilib. Komandaya gələcək əməkdaşlıqla bağlı təklifin irəli sürülməsi layihənin potensialını və komandanın yanaşmasının maraq doğurduğunu göstərir.

Bu nəticələr ADNSU-nun SABAH qruplarında tələbələrin innovativ düşüncə tərzinin, texnoloji biliklərinin və komanda şəklində işləmək bacarıqlarının inkişafına verilən önəmin göstəricisidir. Tələbələrin real iqtisadi və sosial problemlərə rəqəmsal həllər təqdim etməsi onların nəzəri biliklərini praktikada tətbiq etmək və innovasiya mühitində təcrübə qazanmaq imkanlarını genişləndirir.

ADNSU tələbələrin startap və innovasiya ekosistemində fəal iştirakını, sənaye və biznes nümayəndələri ilə əməkdaşlığını, eləcə də ölkənin inkişaf prioritetlərinə töhfə verən layihələr hazırlamasını dəstəkləməyə davam edir.

ADNSU-nun SABAH qruplarının tələbələrini əldə etdikləri nailiyyətlər münasibətilə təbrik edir, onlara yeni layihələrdə və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!


Paylaş