×

Xəbərlər

Xəbərlər 27 Oct 2026
ADNSU ilə Mərakeş–Azərbaycan Dostluq Assosiasiyası arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Oktyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Mərakeş–Azərbaycan Dostluq Assosiasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Assosiasiyanın prezidenti Mohamed Faquiri, ADNSU məzunu və Assosiasiyanın müşaviri Rachid Harrath, təlim və ali təhsil məsələləri üzrə müşavir Mourad Daoudi, texniki və logistika məsələləri üzrə müşavir El Boukili Abderrahim, müşavir Hayate Znig, xəzinədar Hassan El Mardi, baş katib İlham Meftah, eləcə də Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin baş müşaviri Vəfa Hüseynova iştirak ediblər.

ADNSU-nu görüşdə universitetin rektoru, dosent Rüfət Əzizov, strateji məsələlər üzrə prorektor Vazeh Əskərov və beynəlxalq əlaqələr üzrə prorektor Nigar Adilova təmsil ediblər.

Görüş zamanı ADNSU ilə Assosiasiya arasında tələbə və tədqiqatçı mübadiləsi, birgə elmi tədqiqatların təşkili və akademik əməkdaşlığın inkişafı istiqamətində perspektivlər müzakirə olunub.

Xüsusilə ADNSU-nun zəngin tarixi irsi və elmi təcrübəsi nəzərə alınaraq, geologiya, geofizika və neft-qaz mühəndisliyi istiqamətlərində birgə tədqiqatların aparılmasına maraq ifadə edilib. Qonaqlar bu sahələrdə universitetin elmi potensialından və uzunillik təcrübəsindən faydalanmaq niyyətlərini bildiriblər.

Görüşün diqqətçəkən məqamlarından biri ADNSU məzunu Rachid Harrathın universitetlə bağlı xatirələrini bölüşməsi olub. O, 1994-cü ildə mühəndislik və kimya texnologiyası istiqaməti üzrə ADNSU-dan məzun olduğunu, təhsil aldığı dövrdə əcnəbi tələbələr ittifaqının sədri vəzifəsini daşıdığını və hazırda Mərakeşdə ADNSU məzunlar qrupunun fəal üzvlərindən biri olduğunu qeyd edib.

Universitetə səfərindən dərin təsirləndiyini bildirən Rachid Harrath ADNSU-nun onun həyatında xüsusi yer tutduğunu vurğulayıb. O qeyd edib ki, universitet yalnız ali təhsil aldığı müəssisə deyil, həm də ona həyatda qarşılaşdığı çətinlikləri dəf etməyi öyrədən mühüm bir məktəb olub.

Səfər çərçivəsində nümayəndə heyəti ADNSU-nun Tarix muzeyi və Mineralogiya muzeyi, Bərpaolunan enerji laboratoriyaları mərkəzi, eləcə də Rəqəmsal energetika laboratoriyası ilə tanış olub. Qonaqlara universitetin tarixi, elmi-tədqiqat imkanları və müasir laboratoriya infrastrukturu barədə məlumat verilib.


Paylaş