Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kimya texnologiyaları fakültəsinin Biotexnologiya və qida mühəndisliyi kafedrasının müdiri, dosent Nərgiz Sultanovanın elmi məqaləsi beynəlxalq nüfuzlu “International Journal of Molecular Sciences” jurnalında dərc olunub.
"Detection of Plum pox virus and Characterization of Oxidative Stress Responses in Stone Fruit Trees of Azerbaijan" adlı məqalədə Azərbaycanda gavalı, ərikvə şaftalı ağaclarında Plum pox virus infeksiyasının yaratdığı oksidləşdirici stress reaksiyaları tədqiq edilib.
Tədqiqat nəticəsində virusun təsiri ilə ağaclarda hidrogen peroksidin (H₂O₂) və malondialdehidin (MDA) miqdarının artdığı, katalaza (CAT) və askorbatperoksidaza (APX) fermentlərinin, eləcə də askorbat–qlutation sisteminin fəallaşdığı müəyyən edilib. Bununla yanaşı, fotosistem II-nin maksimalfotokimyəvi səmərəliliyinin (Fv/Fm) azaldığı aşkarlanıb.
Əldə olunan nəticələr Plum pox virus infeksiyasının çəyirdəkli meyvə ağaclarında yaratdığı fizioloji və biokimyəvi dəyişikliklərin daha dərindən öyrənilməsi baxımından elmi əhəmiyyət daşıyır. Tədqiqat virus infeksiyası zamanı bitkilərdə oksidləşdirici stressin qiymətləndirilməsi və müdafiə mexanizmlərinin öyrənilməsi üçün mühüm məlumatlar təqdim edir. Bu nəticələr, həmçinin meyvə ağaclarının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və bitki xəstəliklərinin təsirlərinin araşdırılması istiqamətində gələcək tədqiqatlar üçün elmi əsas yaradır.
Qeyd edəki ki, “International Journal of Molecular Sciences” jurnalı MDPI nəşriyyatı tərəfindən dərc olunur və Web of Science və Scopus elmi bazalarında indekslənir. Jurnal Q1 kateqoriyasına daxildir.