×

Xəbərlər

Xəbərlər 30 Oct 2026
Professor Qərib Mürşüdov SABAH City-də ADNSU tələbələrinə ustad dərsi keçib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiyaları fakültəsinin Biotexnologiya və qida mühəndisliyi kafedrasının tələbələri üçün SABAH City-də "Zülal quruluşları harada saxlanılır? Bioloji bazalarda praktiki axtarış" mövzusunda ustad dərsi keçirilib. Məruzəçi Azərbaycan Respublikasının əməkdar elm xadimi, Böyük Britaniyanın Kembric şəhərindəki MRC Molekulyar Biologiya Laboratoriyasının (MRC LMB) qrup rəhbəri professor Qərib Mürşüdov olub. İnteraktiv müzakirə şəraitində keçən dərs zamanı tələbələr zülalların üçölçülü quruluşlarının saxlanıldığı beynəlxalq bioloji məlumat bazaları, bu bazalarda axtarışın praktik üsulları, struktur məlumatların elmi tədqiqatlarda tətbiqi kimi praktik məsələlər ilə tanış olublar. Məşğələ biokimya, molekulyar biologiya və biotexnologiya üzrə nəzəri bilikləri müasir bioinformatik alətlərlə birləşdirməsi baxımından xüsusi əhəmiyyət daşıyıb. 

Həmçinin, professor Qərib Mürşüdovun ADNSU-da Bayes statistikası və struktur biologiyaya həsr olunmuş elmi seminarı keçirilib. Seminarda Biotexnologiya və qida mühəndisliyi ixtisasının tələbələri fəal iştirak ediblərmişlər, zülal strukturlarının necə “oxunduğu”, statistikanın molekulyar biologiyadakı rolu və Servalcat, AceDRG, EMDA, MetalCoord proqramları ilə bağlı interaktiv müzakirələr aparıblar. Beynəlxalq səviyyədə tanınmış alimlə canlı ünsiyyət tələbələrin elmi baxışını zənginləşdirib və onları tədqiqat fəaliyyətinə daha da həvəsləndirib. 


Paylaş