Oktyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə Abris Distribution Azerbaijan şirkətinin nümayəndələrinin iştirakı ilə tələbələr üçün karyera yönümlü infosessiya təşkil olunub.
Tədbir çərçivəsində tələbələrə şirkət tərəfindən təqdim olunan “Finance Intern və Pre-sales Intern” təcrübə proqramları haqqında ətraflı məlumat verilib. Hər iki istiqamət üzrə namizədlərə qoyulan tələblər, əsas vəzifə öhdəlikləri, ödənişli təcrübə imkanları və şirkət daxilində peşəkar inkişaf perspektivləri diqqətə çatdırılıb.
İnfosessiyada Abris Distribution Azerbaijan şirkətinin nümayəndələri– Marketing meneceri Fidan Ramazanova, Biznes inkişafı üzrə menecer Camal Ağayev, Texniki şöbənin qrup rəhbəri Anar İbayev, maliyyə əməkdaşı Günel Qurbanova və İnsan resursları üzrə menecer Arif Zalov iştirak ediblər.
Şirkət nümayəndələri öz peşəkar təcrübələrini tələbələrlə bölüşərək müvafiq sahələrdə fəaliyyətin xüsusiyyətləri, karyera qurmaq üçün vacib bacarıqlar və iş mühitində qarşıya çıxan imkanlar barədə məlumat veriblər. Eyni zamanda, iştirakçılar onları maraqlandıran sualları birbaşa şirkət nümayəndələrinə ünvanlayaraq ətraflı cavablar alıblar.
Qeyd edək ki, infosessiyanın əsas məqsədi tələbələri maliyyə və informasiya texnologiyaları sahələrində mövcud təcrübə imkanları, işə qəbul prosesinin tələbləri və gələcək karyera perspektivləri ilə tanış etmək olub.
İnfosessiya tələbələrin əmək bazarı haqqında məlumatlılığının artırılması, nəzəri biliklərinin praktiki imkanlarla əlaqələndirilməsi və gələcək karyera seçimlərinin formalaşdırılması baxımından əhəmiyyətli olub.