Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya texnologiyaları fakültəsinin Biotexnologiya və qida mühəndisliyi kafedrasının tələbələri üçün SABAH City-də elmi seminar keçirilib. Seminar "Biotexnologiya ilə qidanın yenidən dizaynı: qida mühəndisliyində müasir yanaşmalar" mövzusuna həsr olunmuşdur. Məruzəçi Türkiyənin Tokat Gaziosmanpaşa Universitetinin Qida mühəndisliyi kafedrasının professoru Dr. Mehmet Tokatlı çıxışında biotexnoloji yanaşmaların yeni qida məhsullarının yaradılmasında və mövcud məhsulların keyfiyyətinin təkmilləşdirilməsindəki rolundan bəhs edib. Qida məhsullarının üçölçülü çapı (3D printing) texnologiyasına, onun imkanlarına və tətbiq perspektivlərinə xüsusi diqqət ayrılıb. Bundan əlavə, tələbələr Tokat Gaziosmanpaşa Universitetinin Qida mühəndisliyi bölməsinin laboratoriyaları, burada istifadə olunan əsas analitik və texnoloji avadanlıqlar, həmçinin aparılan eksperimental tədqiqatlar barədə ətraflı məlumat alıblar.
Seminar tələbələrin elmi dünyagörüşünün formalaşmasına, onların beynəlxalq akademik təcrübə imkanları ilə tanış olmasına mühüm töhfə verib.