×

Xəbərlər

Xəbərlər 30 Oct 2026
ADNSU-da bp şirkətinin 2027-ci il üzrə Məzun və Təcrübəçi İşə Qəbul Proqramına həsr olunmuş infosessiya keçirilib

Oktyabrın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzunlarla iş və Karyera Mərkəzinin təşkilatçılığı ilə bp şirkətinin 2027-ci il üzrə Məzun və Təcrübəçi İşə Qəbul Proqramına həsr olunmuş infosessiya keçirilib.

Tədbirin əsas məqsədi tələbələri bp şirkətinin erkən karyera imkanları, 2027-ci il üzrə məzun və təcrübəçi proqramları, işə qəbul prosesi və müxtəlif sahələr üzrə karyera perspektivləri ilə tanış etmək olub.

İnfosessiyanın ümumi hissəsində bp şirkətinin gənc istedadların inkişafı üzrə baş məsləhətçisi Xədicə İsmayılova və gənc istedadların inkişafı üzrə məsləhətçisi Mehriban Şıxzamanova çıxış ediblər. Onlar bp-nin gənc mütəxəssislər üçün karyera imkanları, 2027-ci il üzrə Məzun və Təcrübəçi İşə Qəbulu Proqramı çərçivəsində təqdim olunan fürsətlər, müraciət prosesi və namizədlər üçün əsas tələblər haqqında ətraflı məlumat verərək tələbələrin diqqətinə vacib məqamları çatdırıblar.

Daha sonra tədbir fakültələr üzrə paralel sessiyalarla davam edib. Sessiyalar Yer elmləri və neft mühəndisliyi, Sənaye mühəndisliyi və Energetika fakültələri üçün təşkil olunub. İştirakçılar müvafiq sahələrdə mövcud karyera imkanları, peşəkar inkişaf perspektivləri və bp şirkətinin işə qəbul proqramları ilə bağlı ətraflı məlumat əldə ediblər.

Paralel sessiyalar zamanı bp nümayəndələri işə qəbul prosesində namizədlərdən gözlənilən bilik və bacarıqlar, müraciət şərtləri və şirkətdə karyera qurmaq imkanları barədə tələbələrlə fikir mübadiləsi aparıblar. Tələbələr onları maraqlandıran sualları ünvanlayaraq müvafiq sahələr üzrə tələbləri daha yaxından öyrənmək və gələcək karyera planlamaları üçün faydalı tövsiyələr almaq imkanı qazanıblar.

Qeyd edək ki, bp şirkətinin 2027-ci il üzrə Məzun və Təcrübəçi İşə Qəbul Proqramına müraciətlərin 12 noyabr 2026-cı il tarixində başlanması nəzərdə tutulur.


Paylaş