×

News

News 21 Feb 2017
ADNSU-da IV İslam Həmrəyliyi oyunlarının idmançı səfirləri ilə görüş keçirilib

Fevralın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Bakı 2017 Oyunları “Grassroots Proqramı” çərçivəsində keçirilən “Feel closer” (Yaxın hiss et) adlı tədbirdə idmançı səfirlər ilə tələbələrin görüşü baş tutub.

Proqram daxilində nəzərdə tutulmuş bu layihə, “Sülh, Hörmət, Birlik və Mükəmməllik” dəyərlərinin daşıyıcısıdır və onun əsas məqsədi gəncləri sağlam həyat tərzinə çağırmaqdır.

Tədbirdə ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev,  Bakı 2017 Grasroots proqramı və daxili əlaqələr üzrə menecer Ülviyyə Əkbərova, idmançı səfirlər Ruslan Abışov, Hacı Əliyev və Rəfael Ağayev iştirak ediblər.

Prezident İlham Əliyevin Azərbaycanı dünyada layiqincə təmsil edən idmançılarımıza qayğısının ölkəmizin inkişafında mühim rol oynadığını qeyd edən prorektor Ata Babayev ADNSU-nun IV İslam Həmrəyliyi Oyunlarına ciddi cəhdlə, öz üzərinə düşən məsuliyyəti dərk edərək hazırlaşdığını vurğulayıb.

“Uğurların, qələbələrin yaşatdığı sevinc, məğlubiyyətin gətirdiyi kədər hissinin insanlar arasında bölünməsi, onların bir-birinə dəstək olmaları çox böyük bir mədəniyyət olmaqla bərabər, eyni zamanda əvəzsiz bir dəyərdir. IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirlərimizin qarşısında duran əsas missiyalardan biri, bu dəyərləri cəmiyyətə çatdırmaqdır”- deyə Bakı 2017 Grasroots proqramı və daxili əlaqələr üzrə menecer Ülviyyə Əkbərova bildirib.

Tədbirdə iştirak edən idmançı səfirlər oyunların əsas dəyərləri haqqında tələbələri məlumatlandırıb və bu dəyərlər çərçivəsində öz təcrübələrini tələbələrlə bölüşüblər.

Sonra IV İslam Həmrəyliyi Oyunlarının və idmançı səfirlərin haqqında geniş məlumatın yer aldığı tanıtım videoçarxı təqdim olunub. İdmançı səfirlər tələbələri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-ci il may ayının 12-22 tarixlərində keçiriləcək.


Share