Fevralın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Universitetin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbir soyqırım nəticəsində şəhid olan soydaşlarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra “Heydər Əliyev Fondu”nun Xocalı soyqırımı haqqında hazırladığı film tədbir iştirakçılarına təqdim olunub.
Filmin nümayişindən sonra çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Xocalı faciəsinin qan yaddaşımızda silinməz izlər buraxdığını, bu hadisənin ermənilər tərəfindən xalqımızın başına gətirilən tək müsibət olmadığını bildirib. 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən aparılan etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə soydaşımızın həlak olduğu və ya öz doğma yurdlarından sürgün edildiyini deyən rektor M.Babanlı onların Xocalıda törətdiyi qırğının bütün bu proseslərin davamı olduğunu söyləyib: "1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini işğal etdi. Mühasirəyə alınan şəhər yandırıldı. Şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü qətliamın qurbanı oldu, 1275 nəfər əsir, 150 nəfər itkin düşdü. Biz bu tarixi unutmamalıyıq və şəhidlərimizin əziz xatirəsini daim ürəyimizdə yaşatmalıyıq".
Ümummilli lider Heydər Əliyevin hakimiyyət başına gəldikdən sonra Xocalı soyqırımı, bütövlükdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırıldığını deyən rektor M.Babanlı bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib.
Ölkəmizin inkişafı üçün hər kəsin öz sahəsi üzrə var gücü ilə çalışmalı olduğunu bildirən rektor, prof. Mustafa Babanlı bununla şəhidlərimizin ruhu qarşısında borcumuzu qismən də olsa ödəmiş olacağımızı qeyd edib.
Sonda Fransız-Azərbaycan Universitetinin (UFAZ) tələbəsi Leyla Bağırova Xocalı soyqırımı haqqında şeir söyləyib.