Fevralın 27-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohammad Taqi Xalili ilə görüşüb.
İki ölkə arasında dostluq və əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə təhsil və digər sahələrdəki əlaqələrdən danışılıb. İki ölkə arasında universitetlər səviyyəsində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edən rektor M.Babanlı ADNSU-nun tarixi, fakültələri və tədris prosesi haqqında qonaqlara məlumat verib. Universitetdə təhsil alan əcnəbi tələbələr haqqında danışan rektor, prof. M.Babanlı əfqan gənclərinin sayının nisbətən az olduğunu bildirib. “Əcnəbi tələbələrin təhsil alması üçün geniş imkanlarımız var. Bunun üçün beynəlxalq əməkdaşlığımızı daim inkişaf etdiririk. Biz həmçinin əcnəbi professorların universitetə cəlb olunmasına və tələbə mübadiləsinə də xüsusi diqqət göstəririk” - deyə rektor, prof. M.Babanlı bildirib.
Azərbaycanda təhsil aldığı üçün buradakı ali təhsil müəssisələri haqqında məlumatlı olduğunu söyləyən səfir Mohammad Taqi Xalili Azİİ-nin adının universitet haqqında hər şeyi dediyini bildirib. “Mən Azərbaycanda təhsil aldığım dövrdə əfqan tələbələrin sayı çoxluq təşkil edirdi. Həmin tələbələr bu gün mühüm vəzifələrdə çalışır və hətta ölkənin hüdudlarından kənarda olanları da var. Lakin bu günkü inkişafa baxmayaraq bizim burada təhsil alan tələbələrimizin sayı azdır. Buna görə də biz əlaqələrimizi daha da inkişaf etdirməliyik” - deyə səfir bildirib.
Görüşdə Neft və kimya sahəsində çalışan əfqan professorları ilə ADNSU arasında əməkdaşlıq olunmasına dair razılıq əldə edilib.