×

News

News 03 Mar 2017
ADNSU ilə “BCC Group” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Martın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “BCC Group” şirkətinin baş direktoru Vüqar Rzayevlə görüşüb. Əməkdaşlıq və yeniliklərin tətbiq olunmasına dair məsələlərin müzakirə olunduğu  görüşdə universitetdə həyata keçirilən islahatlar və əldə olunan uğurlardan danışılıb. Tələbələrin müəssisələrdə təcrübə keçməsinin bu gün ən prioritet məsələlərdən biri olduğunu diqqətə çatdıran rektor, professor M.Babanlı universitetdə yaradılan ağıllı lövhələr, multivizorlar, lazer başlıqları və xüsusi boyalar  haqqında qonağa məlumat verib və bu cür innovativ yeniliklərin tətbiqinin universitet və eləcə də ölkə miqyasında əhəmiyyətindən danışıb. 

“Bizim innovativ layihələrimiz çoxdur və onların həyata keçirilməsi üçün biz ali təhsil ocağı olaraq kreativ düşüncəli şirkətlərlə əməkdaşlığa hazırıq. Bunun üçün bizə ilk növbədə müəssisələrin tələblərini bilmək və ona uyğun kadr hazırlamaq önəmlidir. Tələbələrin müəssisələrdə təcrübə keçməsi və müəssisənin içində olmasını təmin etmək istəyirik”, - deyə rektor, professor M.Babanlı bildirib.

“BCC Group” şirkətinin baş direktoru Vüqar Rzayev təhsil aldığı doğma ali təhsil ocağında olmaqdan məmnun olduğunu söyləyib. ADNSU-nun həyatında baş verən hadisələrdən və islahatlardan xəbərdar olduğunu bildirən V.Rzayev universitetlə əməkdaşlığa yüksək önəm verdiyini  və tələbələrin təcrübə keçməsi üçün şirkət tərəfindən hər cür şəraitin yaradılacağını qeyd edib.

Görüşdə tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Qeyd edək ki, “BCC Group” şirkəti  tikinti xidmətlərini həyata keçirən podratçı şirkət olaraq 1997-ci ildə Azərbaycanda təsis edilib. Hazırda o, bir çox dünya ölkələrində fəaliyyət göstərən və sürətlə inkişaf edən bir sıra şirkətləri özündə birləşdirir. “BCC Group” şirkətlər qrupu öz müştərilərinə geniş çeşidli xidmətlər, o cümlədən, mühəndislik, təchizat, tikinti, istismara vermə, quraşdırma və neft-qaz sənayesində həyata keçirilən mülki və sənaye tikinti layihələri üzrə texniki xidmət, eləcə də metal konstruksiyaların hazırlanması, modul tipli binaların tikintisi və quraşdırılmasını təklif edir.


Share