×

News

News 10 Mar 2017
Təhsil.tv-nin ADNSU haqqında çəkdiyi sənədli filmin təqdimatı olub

Martın 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil.tv-nin “Ali hədəflər” layihəsi çərçivəsində universitet haqqında çəkdiyi filmin təqdimatı keçirilib. Filmdə ADNSU-nun tarixindən, vaxtilə universitetdə təhsil almış görkəmli şəxsiyyətlərdən, həmçinin universitetin bu günkü həyatından, tələbələrdən, beynəlxalq əlaqələrindən, laboratoriya və tədris prosesindən bəhs olunub.

Film nümayiş etdirildikdən sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı film haqqında təəssüratlarını bölüşüb və yaradıcı heyətə gözəl iş ərsəyə gətirikləri üçün dərin təşəkkürünü ifadə edib. 

“ADNSU-nun şanlı tarixi var və bunu bu cür, olduğu kimi, əks etdirmək böyük peşəkarlıq tələb edir. Azİİ-ni sevmədən bu cür film çəkmək olmazdı. Buna görə də yaradıcı heyətə dərin minnətdarlığımı bildirirəm”, - deyə rektor M.Babanlı bildirib.

Təhsil Nazırliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov Azİİ-nin hər zaman seçilən universitet olduğunu vurğulayıb. Yalnız şanlı tarixi və parlaq gələcəyi olan belə bir ali məktəbin savadlı və peşəkar mütəxəssislər yetişdirə biləcəyini qeyd edən C.Valehov ADNSU-nun eyni zamanda gələcəyin universiteti olduğunu bildirib. Onun sözlərinə görə təhsil, elm və innovasiyanı vəhdət şəkildə nəzərdən keçirən ADNSU-nu 3-cü nəsil universitet adlandırmaq olar.

Tədbirin sonunda Təhsil.tv-nin yaradıcı heyəti - layihənin rəhbəri Nurəddin Heydərov, əməkdaşlar Arzu Qulamov, Vahid Quliyev və Gülnarə İlham səhnəyə dəvət olunub, onlara təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, “Ali hədəflər” layihəsi Təhsil Nazirliyi və Təhsil.Tv-nin layihəsi olub, ölkədəki ali təhsil müəssisələrinin tarixi keçmişi və hazırki fəaliyyətini əks etdirən filmlərin çəkilməsini nəzərdə tutur. 


Share