Martın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) fəlsəfə və elmlər doktoru proqramları üzrə təhsil alan doktorant, dissertantlar və onların elmi rəhbərləri ilə görüş keçirilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı doktorantura şöbəsinin fəaliyyətindəki uğurlardan və bu sahədə mövcud problemlərdən danışıb. Rektor M.Babanlı ilk dəfə olaraq ADNSU-da 3 dissertasiya şurasının fəaliyyətinin təsdiq olunduğunu qeyd edərək bunun elmin inkişafına və yüksəkixtisaslı kadrların hazırlığına böyük töhfə verəcəyini bildirib. O, bu il universitetin doktorantura şöbəsinə 73 yer üzrə 71 nəfərin qəbul olunduğunu söyləyib və bu nəticənin ötən illərlə müqayisədə olduqca yüksək olduğunu deyib.
Doktorantların mövzu seçimlərinə toxunan rektor M.Babanlı seçilən mövzuların müasir dövrün tələblərinə uyğun olmasının zəruriliyini vurğulayıb.
Rektor çıxışında bir sıra müəssisiələrlə əldə olunmuş razılığın nəticəsi olaraq həyata keçirilən gündəlik təcrübə proqramlarına da toxunub və bu sahədə elmi işçilərin də üzərinə böyük məsuliyyət düşdüyünü deyib. Rektor M.Babanlı müəssisələrdə ortaya çıxan texnoloji problemlərin elmiləşdirilərək araşdırılmasının vacibliyini vurğulayıb.
Görüşdə rektor M.Babanlı antiplagiat sisteminin tətbiqi, universitetin gerçəkləşdirdiyi startap layihələri və gələcəkdə həyata keçirilməsi planlaşdırılan işlərdən danışıb. Laboratoriyalar mövzusuna da toxunan rektor Azərbaycanda mövcud olan laboratoriyalarla əlaqənin qurulmasının və 24 saatlıq kitabxananın yaradılmasının əhəmiyyətini vurğulayıb. Rektor M.Babanlı bu planların gerçəkləşəcəyi təqdirdə elmi sahədə inkişafa nail olunmasının mümkünlüyünü qeyd edib.
Tədbirdə SOCAR-ın elmi tədqiqat laboratoriya institutunun müdiri, texniki elmlər doktoru Elçin Kazımov və ADNSU-nun "Neft-qaz mühəndisliyi" kafedrasının müdiri, professor Tulparxan Salavatov çıxış edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.