×

News

News 15 Mar 2017
ADNSU-da HP şirkətinin nümayəndələri ilə görüş keçirilib

Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Hewlett Packard (HP) şirkətinin nümayəndələri ilə görüş keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı HP şirkətinin ölkə üzrə baş nümayəndəsi İnarə Quliyeva və xidmət meneceri Aleksandr Yunla görüşdə universitetdə aparılan islahatlar barədə geniş məlumat verib. Rektor M.Babanlı ali məktəbdə tədris olunan ixtisaslar, o cümlədən dünya standartları səviyyəsində tədris olunan  ixtisaslar haqqında danışıb.

Rektor universitetdə fəaliyyət göstərən İT akademiyanın uğurları, onun fəaliyyətinin yeni proqramlar hesabına genişləndirilməsi üçün aparılan iş haqqında məlumat verməklə yanaşı qonaqlara ADNSU-nun İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsi (İTİF) haqqında da məlumat verib. Bu fakültədə olduqca yüksək istedada və biliyə malik tələbələrin təhsil aldığını qeyd edən rektor həmin gənclərin gələcəkdə HP şirkəti üçün potensial kadr ola biləcəklərini söyləyib. ADNSU-nun tələbələrinin işlə təmin olunmasında olduqca maraqlı olduğunu bildirən rektor M.Babanlı bunun üçün universitetdə Məzun Karyera sərgilərinin keçirildiyini və ADNSU-nun tələbə, magistr və məzunlarının tərəfdaş şirkətlərlə görüşməsinə şərait yaradıldığını qeyd edib.

HP şirkətinin baş nümayəndəsi İnarə Quliyeva rektor M.Babanlıya səmimi qəbula görə təşəkkürünü bildirib. ADNSU-nun məzunu olduğunu söyləyən İnarə Quliyeva doğma məkanda olmaqdan çox şad olduğunu və ADNSU ilə əməkdaşlığın onlar üçün çox dəyərli və maraqlı olduğunu bildirib.

HP şirkətinin xidmət meneceri Aleksandr Yun təmsil etdiyi şirkət haqqında qısa məlumat verib və ADNSU ilə əməkdaşlıq etmək istədiklərini nəzərə çatdırıb. O ADNSU-da təhsil alan istedadlı və potensialı olan tələbələr arasından seçim edərək onlara iş imkanları yaratmaq istədiklərini qeyd edib. Daha öncə bir neçə ölkədən tələbələri öz sıralarına qəbul etdiklərini bildirən Aleksandr Yun ADNSU-da bu sahə üzrə yüksək keyfiyyətli təhsilin verilməsinin onlara real seçim şansı verdiyini deyib. Görüşdə seçim şərtləri və tələb olunacaq keyfiyyətlər tərəflər arasında müzakirə edilib.


Share