Martın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub. Görüşdə ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev, “Həqiqət” Tarixi Araşdırmalar İB-nin üzvləri və Qarabağ veteranları iştirak edib. “Həqiqət” Tarixi Araşdırmalar İB-nin sədri, müharibə veteranı Əlövsət Qasımov dəvəti qəbul etdiyinə görə Qarabağ döyüşçüləri adından rektor, prof Mustafa Babanlıya öz təşəkkürünü bildirib. Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün “Həqiqət” Tarixi Araşdırmalar İB-nin aktiv fəaliyyət göstərdiyini deyən Əlövsət Qasımov erməni vandalizmini faktlarla sübut etmək üçün bundan sonra da fəaliyyətlərini davam etdirəcəklərini qeyd edib.
Rektor Mustafa Babanlı dəvətə görə Əlövsət Qasımova təşəkkür edib, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında “Həqiqət” Tarixi Araşdırmalar İB-nin fəaliyyətini yüksək qiymətləndirib. Gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etmək üçün təhsil ocaqlarının da üzərinə böyük məsuliyyət düşdüyünü deyən rektor, prof. M.Babanlı tezliklə torpaqlarımızın işğaldan azad ediləcəyinə əmin olduğunu bildirib.
Əlövsət Qasımov rektor Mustafa Babanlını İctimai Birliyin Şəhidlər muzeyi ilə tanış edib, Qarabağ müharibəsi zamanı çəkdiyi fotoların tarixi və cəbhə xatirələrindən danışıb.
Sonda ADNSU-nun rektoru, prof. Mustafa Babanlı Respublika gənclərinin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında müstəsna xidmətlərinə, Birliyin fəaliyyətinə verdiyi dəyərə görə “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin “Böyük Vətənpərvər” ali mükafatı ilə təltif edilib.