Martın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Novruz bayramı münasibəti ilə universitetin fakültə və şöbələrində olub. Neft-mexanika, İnformasiya Texnologiyaları və İdarəetmə, Qaz Neft Mədən, Geoloji Kəşfiyyat, Kimya Texnologiyaları, Əcnəbi tələbələrlə iş üzrə dekanlıq, İqtisadiyyat və Menecment, Energetika fakültələrinə və digər şöbələrə baş çəkən rektor M.Babanlı universitet kollektivini bahar bayramı münasibətilə təbrik edib, hər kəsə can sağlığı və yaradıcılıq uğurları arzu edib.
Novruz bayramının Azərbaycan xalqının ən qədim və milli dəyərlərə söykənən gözəl bayramı olduğunu söyləyən rektor bu bayramın hər kəs üçün xüsusi özəlliyi olduğunu bildirib. Bayram təbriklərinı çatdıran rektor daha sonra universitetdə həyata keçirilən uğurlu islahatlardan danışıb. Qısa bir zamanda universitetin ictimai və mədəni həyatında gerçəkləşdirilən uğurlu layihələrdən söz açan rektor M.Babanlı daha da irəli gedilməsinin və mövcud olan bəzi çatışmazlıqların tam aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Rektor M.Babanlı tədrisin keyfiyyətinin tələbələrin imtahan göstəricilərinə bilavasitə təsir etdiyini söyləyib və tələbələrin payız semestrində göstərdikləri yüksək nəticələri təqdirəlayiq adlandırıb.
O “eazi START” startap məktəbinin uğurlarını da qeyd edib və Startap layihələrinin genişləndirilməsi və onlara dəstək verilməsi istiqamətində daha fəal iş aparılmasını əhəmiyyətini vurğulayıb. Rektor M.Babanlı eyni zamanda gənclərə biznes bacarıqlarının aşılanmasının zəruriliyini, bu sahədə təbliğatın genişləndirilməsi üçün lazımi bütün tədbirlərin görüləcəyini qeyd edib.
Dünyanın bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu deyən rektor ADNSU-nun yeni əlaqələrə hər zaman açıq olduğunu vurğulayıb və əlavə edib ki, xarici ölkə universitetlərinin təcrübəsindən faydalanmaq və təcrübə mübadiləsi aparmaq ADNSU-nun prioritet istiqamətlərindən biridir.
ADNSU-da ingilis dilində tədrisə geniş yer ayrıldığını deyən rektor, professor M.Babanlı əcnəbi tələbələrin ADNSU-ya böyük maraq göstərdiyini və onlara yüksək keyfiyyətli təhsil verilməsi üçün hər cür şəraitin yardılacağını bildirib.
Rektor M.Babanlı gündəlik təcrübə proqramını universitetin ən uğurlu layihələrindən biri kimi dəyərləndirib və tələbələrin istehsalat müəssisələri ilə tanışlığının onların gələcək karyeraları üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O magistrların işlə təminatının univeristetin ən prioritet məqsədi olduğunu qeyd edib.
ADNSU-nun fakültə dekanları bayram təbrikinə və onlara göstərilən diqqətə görə rektor Mustafa Babanlıya təşəkkürlərini ifadə edib, universitetdə gerçəkləşdirilən islahatlara dəstək vermək üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.
Sonda ADNSU-nun bütün professor-müəllim heyəti və tələbələrini Novruz bayramı münasibətilə bir daha təbrik edən rektor, professor Mustafa Babanlı universitetin daha böyük uğurlara imza atacağına inandığını söyləyib.