Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabla görüşüb.
Almaniya universitetləri ilə ADNSU-nun əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə ikitərəfli əlaqələrin əhəmiyyətindən danışılıb. Almaniya ilə universitetlər səviyyəsində əlaqələrin inkişaf etdirilməsinin önəmini qeyd edən rektor M.Babanlı ADNSU-nun tarixi, fakültələri və tədris prosesi, alman məzunları, mübadilə proqramları, eləcə də əməkdaşlıq olunan sahələr haqqında qonaqlara məlumat verib. Azİİ-nin alman məzunları haqqında qonağa ətraflı məlumat verən rektor M.Babanlı ADNSU-nun Almaniya universitetləri ilə tələbə mübadiləsi, elcəcə də professor və müəllimlərin tədrisə cəlb edilməsi prosesindən danışıb.
“Azərbaycanın ən köklü texniki universiteti olan ADNSU-da 3 dildə tədris aparılır. Əcnəbi tələbələrin ADNSU-da təhsil alması və yeni əməkdaşlıq ideyalarının genişləndiriməsi üçün böyük potensialımız var. Biz həmçinin əcnəbi professorların universitetə cəlb olunmasına və tələbə mübadiləsinə də xüsusi diqqət göstəririk” - deyə rektor, prof. M.Babanlı bildirib.
Azərbaycanda hazırda yeni texnoloji ixtisasların standartlarının hazırlandığını deyən rektor M.Babanlı Almaniyanın texniki ixtisaslarının tədrisinin təcrübəsindən istifadə edilməsininin vacib olduğunu vurğulayıb. O həmçinin Almaniya təşkilatlarının universitetlə əlaqələri, ADNSU-da faəliyyət göstərən mineralogiya kabinetinin muzey statusu alması üçün Almaniyanın mineralogiya muzeyi ilə əməkdaşlıq haqqında da danışıb. Rektor M.Babanlı Almaniyanın hər hansı universiteti ilə ikili diplomların tətbiq olunmasının, akademik mübadilə proqramlarının genişləndirilməsinin, alman dilinin universitetdə tədrisinin genişləndirilməsinin, irimiqyaslı elmi layihələrin birlikdə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
ADNSU-nu təhsil islahatlarının mərkəzində yerləşən bir məkan adlandıran səfir Mixael Kindsqrab mədəniyyət və iqtisadiyyatı əməkdaşlıq oluna biləcək ən münasib sahələr kimi səciyyələndirib. Səfir ADNSU ilə Almaniya universitetləri və təşkilatlarının əlaqələrinin genişləndirilməsində univeristetə hər zaman dəstək verməyə hazır olduğunu qeyd edib.