Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı "Lean Consulting" şirkətinin direktoru Pərviz Həsənov və “Delta Group LLC”-nin planlama müdiri Seymur İlyasovla görüşüb. Görüşdə aprelin 9-da ADNSU və "Lean Consulting" şirkətinin təşkilatçılığı ilə keçiriləcək I Milli Sənaye Mühəndisliyi Forumuna hazırlıq məsələləri müzakirə olunub.
Forumun yüksək səviyyədə təşkil olunmasının vacibliyini vurğulayan rektor Mustafa Babanlı bu cür tədbirlərin gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün əhəmiyyətli olduğunu qeyd edib. ADNSU-da son vaxtlar həyata keçirilən islahatlar haqqında danışan rektor prof. M.Babanlı qonaqlara universitetin startap mərkəzinin gördüyü işlər haqqında məlumat verib.
Görüşdə Foruma hazırlıq işlərinin hazırki vəziyyəti, reqlament, iştirakçılar, müzakirə olunacaq mövzular və başqa məsələlər müzakirə olunub.
Qeyd edək ki, 9 aprel 2017-ci il tarixində “Qafqaz Hotel”də ADNSU və "Lean Consulting" şirkətinin təşkilatçılığı ilə I Milli Sənaye Mühəndisliyi Forumu keçiriləcək. Forumun keçirilməsində əsas məqsəd sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən peşəkarların bir araya toplanması, sənayenin müxtəlif perspektivləri üzrə fikir mübadiləsi aparmaq, yerli və beynəlxalq təcrübələrdən faydalanmaqdır. Forumda əsas qonaq qismində SOCAR-ın Strateji İnkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, ADNSU-nun rektoru, professor Mustafa Babanlı və “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev iştirak edəcək.