×

News

News 30 Mar 2017
HPE şirkətinin nümayəndələri ADNSU tələbələri ilə görüşüb

Martın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Hewlett-Packard Enterprise (HPE) şirkətinin nümayəndələri ilə tələbələrin görüşü olub. Tədbirdə HPE şirkətinin Azərbaycan nümayəndəliyinin consulting meneceri Rövşən Ələkbərov və partnyorların inkişafı üzrə menecer Ülviyyə Abdullayeva iştirak edib.

Universitetin Məzun Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutan görüşdə ADNSU-nun İnformasiya Texnologiyaları departamentinin direktoru Elnur Səfərli bildirib ki, tədbirin əsas məqsədləri İT sahəsinə maraq göstərən gənclərin müasir əmək bazarının tələbləri, müxtəlif peşələr və iş dünyası ilə tanış edərək onlara öz bacarıq və maraqlarına uyğun ixtisas seçimində və gələcək karyeralarını rasional şəkildə müəyyənləşdirməkdə yol göstərməkdir. E.Səfərli qeyd edib ki, ADNSU ilə HPE şirkəti arasında əldə olunmuş razılığa görə, hər il universitetin tələbə və məzunlarından bir neçəsi şirkətdə gündəlik təcrübə keçə və ya işlə təmin oluna bilər.

HPE şirkətinin Azərbaycan nümayəndəliyinin consulting meneceri Rövşən Ələkbərov HPE şirkətinin tarixi, onun keçdiyi inkişaf yolu haqqında geniş məlumat verib, tələbələrə HPE şirkətində karyera qurulmasının üstünlüklərindən danışıb.

Daha sonra HP şirkətinin nümayəndələri ilə tələbələr arasında informasiya texnologiyaları mövzusunda müzakirələr aparılıb. Müzakirədə fəal iştirak edən tələbələrə HPE şirkətinin nümayəndələri tərəfindən simvolik hədiyyələr verilib.


Share